Nazir “Holcim Azərbaycan” zavoduna səfər edib

Nazir “Holcim Azərbaycan” zavoduna səfər edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazirliyin məsul şəxsləri “Holcim Azərbaycan” zavodunda tətbiq olunan texnologiyalar ilə əyani tanış olmaq üçün yanvarın 9-da “Holcim Azərbaycan” ASC-nin Qaradağ sement zavoduna səfər ediblər. ASC-dən SİA-ya bildirilib ki, görüş zamanı təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar və həllər barədə təqdimat keçirilib. Məlumat verilib ki, bu texnologiya təkcə “LafargeHolcim” qrupuna daxil olan 50 ölkədə yerləşən 180 sement zavodunda tətbiq olunur.

Ötən ilin oktyabr-dekabr aylarında neft tullantıları və yararsız təkərlərlə ilk sınaqlar həyata keçirilib və müstəqil laboratoriya tərəfindən müvafiq analizlər götürülüb. Bu analiz nəticələrinə əsasən alternativ yanacağın (işlənmiş şin və neft şlamı) təkrar emalı zamanı emissiyalar qəbul edilmiş normalardan aşağı olmuşdur ki, bu layihənin ekoloji cəhətdən üstünlüyünü təzahür edir. Daha sonra nazir və nazirliyin əməkdaşları təkər və neft tullantılarının utilizasiyası üzrə aparılan sınaq prosesini müşahidə edib və tətbiq olunan avadanlıqlar ilə zavod ərazisində əyanı tanış oldular. Şirkətin baş direktoru Fredrik Qumbal beynəlxalq təcrübə ilə yanaşı bu prosesləri dünya standartlarına uyğun həyata keçirmək üçün peşəkar yerli kadrların olmasını xüsusi vurğulayıb.

Sement istehsalından əlavə tullantıların idarəolunmasında da qlobal ekspert kimi çıxış edən “Holcim” ölkənin ekoloji mühitinə töhfə verməyə hazırdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur "Geocycle" brendi altında təqdim olunub.

“Holcim Azərbaycan” 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən “LafargeHolcim Qrup”un üzvüdür. “LafargeHolcim” sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə