Çinli həkimlər Psixo-nevroloji Uşaq Mərkəzində faəliyyətə başlayacaq ÖZƏL-AÇIQLAMA
“2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən Bakıda inşa edilən Psixo-nevroloji Uşaq Mərkəzi cari ilin 15 yanvar tarixindən növbəti layihəsini həyata keçirəcək. Dünyada tətbiq edilən müasir proqramlara üstünlük verən Mərkəzdə “Şen De” proqramının müəllifi Çin mütəxəssisi Şi Şen Kunyanın həkim-reabilitoloqları fəaliyyətə başlayacaqlar”. Bu barədə SİA-ya özəl olaraq Psixo-nevroloji Uşaq Mərkəzinin direktoru İradə Musayeva məlumat verib.
Proqramdan hansı posientlər yararlana biləcəklər?
O bildirib ki, “Şen De” mütəxəssislərinin sağlamlaşdırıcı-nümunəvi proqramı uşaq serebral iflici (bütün formaları), uşaqlarda psixo motor və nitq inkişafının ləngiməsi, autizm, Daun sindromu, anadan gəlmə mərkəzi-sinir sisteminin patologiyası, keçirilmiş ensafalit və miningitin, kəllə beyin və onurğa travmasının fəsadları, periferik sinir sistemi xəstəlikləri, insult, skolioz, osteoxondroz, travmadan sonrakı fəsadları olan pasientlərə şamil edilir.
"Çinli mütəxəsisslərin fəaliyyətindən uşaq, və böyüklər yararlana biləcəklər"
Proqramın həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulduğunu deyən İ.Musayeva söyləyib ki, yuxarıda sadalanan xəstəliklərə malik istənilən şəxs Mərkəzə müraciət etməklə Çinli mütəxəssislərin fəaliyyətindən yararlana bilər: “Çindən gələcək həkim-reabilitoloqların prosedurların hər biri 30 dəqiqə, baza proqramı 25 gün olmaqla müalicəvi idman, ənənəvi, baş loqopedik massajlar, iynəreflekterapiyası və digər prosedurlar həyata keçirəcəklər”.
"Məqsəd xəstəlikləri müalicə etməkdir"
Müəssisə rəhbəri qeyd edib ki, sözügedən layihə ötən ilin sentyabrında Çinli həkimlərin iştirakı ilə həyata keçirilən proqramın davamı kimi hesab etmək olar: “Ötən ilin sentyabrında Mərkəzimizə 4 nəfərlik nümayəndə heyəti ilə Çindən gələn həkim-reabilitoloqlar əsas fəaliyyətini xəstələrin diaqnozlarının dəqiqləşdirilməsi təşkil edirdisə, budəfəki proqramın həyata keçirilməsində məqsəd psixo-nevrologiyadan irəli gələn xəstəlikləri müalicə etməkdir”.
Çinli həkimlərin qəbuluna necə düşə bilərik?
Qeyd edək ki, Yanvarın 15-dən Psixo-nevroloji Uşaq Mərkəzində fəaliyyətə başlayacaq Çinli mütəxəssislərin qəbuluna düşmək istəyənlər Əlövsət Əbdülrəhimov 18 (“Gənclik” metrosunun yaxınlığı) ünvanına müraciət edə və ya (012) 465 64 59, (012) 465 59 08, (050) 666 56 40 nömrələrinə Bazar günündən başqa hər gün saat 09.00-dan 17.00-dək zəng vurub məlumat ala bilərlər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Psixo-nevroloji Uşaq Mərkəzində müasir tibbi avadanlıqlarla təchiz olunan laboratoriya, idman zalı, oyun, fizioterapevtik müalicəvi duş və vanna otaqları, aktiv terapiya zalları uşaqlara yüksək səviyyədə xidmət göstərir. Həmçinin müəssisədə respublikada analoqu olmayan ultrasəs müayinə aparatı və mütəxəssisi də fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB