Azərbaycan möhtəşəm tikililəri ilə dünyanın diqqətindədir TƏHLİL

Azərbaycan möhtəşəm tikililəri ilə dünyanın diqqətindədir TƏHLİL

Dünyanın iri şəhərləri, xüsusilə, paytaxt şəhərlər məxsus olduqları dövlətlərin, bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də, şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycanın paytaxtı da yüz illər ərzində formalaşan Qədim Şərq və Müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Müasir dövrümüzdə Azərbaycanın elə guşələri var ki, onları Avropanın bəzi zonaları ilə belə müqayisə etmək mümkündür. Ölkəmizdə beşulduzlu təsnifat sistemi fəaliyyətdədir və təsnifatda çox gözəl kriteriyalar öz əksini tapıb. Bu uğurlar dünya ölkələrinin turistlərinin və mütəxəssislərinin diqqətindən kənarda deyildi. Yeni tikilmiş möhtəşəm otellər, müasir incəsənətin rəmzi sayılan "Alov Qüllələri" Kompleksi, gözqamaşdıran göydələnlər ölkəmizə xüsusi gözəllik verir. Qobustandakı qədim "Piribaba" ziyarətgahı, Şamaxıdakı "Yeddikümbəz" abidəsi, İsmayıllının meşələri, görməli yerləri, Qəbələnin "Yeddi Gözəl" şəlalələri, Nohur gölü və ətrafdakı gözəl təbiət bu diyarın hər qarışında ecazkarlığın olmasına dəlalət edir. Təmiz hava, müasir turizm infrastrukturu və qədim maddi-mədəniyyət nümunələri füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin gözəlliyi diqqəti daim çəkir.

Ölkəmizin gözəllikləri ilə tanış olmaq üçün turistlərin ən çox səyahət etdikləri ecazkar məkanlar fotoreportaj şəklində təqdim olunur. Gündən-günə inkişaf edib gözəlləşən Bakıda qədimlik ilə müasirlik vəhdət təşkil edir. Möhtəşəm üslubda tikilmiş Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, "Kristal Zal" və digər yeni binalar Bakının mənzərəsini tam dəyişir. Təbii ki, Bakının gözəlliyindən danışarkən, Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvarı, "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendinin Bakıda olduğunu da vurğulamalıyıq. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur ki, bu paytaxtımızda mövcuddur. Bu gün Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Bu reallıqlar Azərbaycanı dünyanın seçilən və istirahət üçün nəzərdə tutulan ən möhtəşəm məkanı olduğunu təsdiqləyir.

Bu günlərdə Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb. "Dünya" adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş

məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın, qısa zaman kəsiyində, əldə etdiyi uğurlar diqqətə çatdırılıb.

Telekanalın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Ali Neft Məktəbində olan çəkiliş qrupu ölkəmizdə yerləşən neft və qaz yataqları barədə də tamaşaçıları məlumatlandırıb. Eyni zamanda, tamaşaçılara Neft Daşları və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı qazıntılardan, Naftalan Sağlamlıq Mərkəzi və palçıq vulkanlarından bəhs olunub.

İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.

Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyada məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib.Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.

Göründüyü kimi, Azərbaycanın gözəlliyi xarici vətəndaşların diqqətindən kənarda qalmır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə