Sabiq icra başçısı vəfat etdi

Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, bu barədə mərhumun yaxınları məlumat veriblər.

Mahmud Quliyev uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub. 1959-1969-cu illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində orta təhsil alıb. 1969-1973-cü illərdə D.Bünyadov adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

1 avqust 1973–cü il tarixdən 21 may 1976-cı ilə qədər Cəbrayıl Rayon Keyfiyyət Müfəttişliyi idarəsində müfəttiş, 21 may 1976-cı il tarixdən 24 mart 1978-ci ilə qədər Cəbrayıl Rayon Kino Quraşdırma Birliyinin direktoru, 31 mart 1978-ci il tarixdən 25 mart 1982-ci ilə qədər Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi, 25 mart 1982-ci il tarixdən 28 fevral 1986-cı ilə qədər Cəbrayıl Rayon Aqrar İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib.

3 aprel 1986-cı il tarixdə yenidən Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyin olunub və 19 mart 1988-ci ilə qədər bu vəzifədə çalışıb. 19 mart 1988-ci il tarixdən 6 oktyabr 1995-ci ilə qədər Cəbrayıl Rayon Tədarük Kontorunun direktoru, 11 yanvar 1996-cı il tarixdən 25 iyul 1996-cı ilə qədər Rayonlararası Quraşdırma-Tikinti İstehsalat Birliyinin 19 saylı Təmir-tikinti Trestinin müdiri, 16 iyun 1997-ci il tarixdən 25 may 1998-ci ilə qədər “Dövlətqaçqınkom”un Nəzarət-təftiş İdarəsində aparıcı təftişçi-mühasib, 26 may 1998-ci il tarixdən 18 dekabr 2000-ci il tarixədək isə Bakı şəhər Ekologiya Komitəsinin Abşeron Gil adası Yasaqlığı İdarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş və 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.

2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

12 iyul 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Respublika Prezidenti tərəfindən Mahmud Nayfalı oğlu Quliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə