İşinizi “ASAN”laşdıran xidmətin 1 illik uğurları AÇIQLAMA-ÖZƏL

İşinizi “ASAN”laşdıran xidmətin 1 illik uğurları AÇIQLAMA-ÖZƏL

“Vaxtilə pilot layihə kimi fəaliyyət başlayan “ASAN Xidmət” mərkəzlərinin sayı 2018-ci ildə 15-ə çatıb. Ötən il ərzində daha 3 “ASAN Xidmət” mərkəzi İmişli, Mingəçevir və Şəkildə açıldı”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Ötən il üç "ASAN Həyat" kompleksi açılıb

O bildirib ki, açılan hər üç mərkəz "ASAN Həyat" kompleksidir: “Haradakı “ASAN Xidmət” mərkəzləri yoxdur, həmin ərazilərdə səyyar “ASAN xidmət” 10 avtobus, 1 səyyar qatar fəaliyyət göstərir ki, burada başlıca məqsəd vətəndaşlarımıza bu xidmətləri daha əl çatan, innovativ və müasir üsullarla çatdırmaqdır ”.

2018-ci ildə İSESCO “ASAN PRİCE” təsis etdi

Şöbə müdiri söyləyib ki, “ASAN Xidmət” hər zaman vətəndaşların məmnunluğunu qazanır və bu illər ərzində aparılan sorğularda məmnunluq əmsalı 98-100 faiz arasında olub: “2018-ci ildə İSESCO “ASAN PRİCE” təsis etdi. “ASAN PRİCE” dövlət xidmətləri ilə bağlı yenilikləri, nailiyyətləri əldə edən ölkələrə veriləcək”.

Əfqanıstanda eyni adlı “ASAN Xidmət” fəaliyyətə başlayıb

E. Niftəliyev qeyd edib ki, bütün bunlarla yanaşı, bir sıra ölkələrdə “ASAN Xidmət”in tətbiqi ilə bağlı danışıqlar aparılır, sənədlər imzalanır: “Artıq Əfqanıstanda eyni adlı “ASAN Xidmət” fəaliyyətə başlayıb.

“Mərkəzlərə gəlmədən xidmətlərdən yararlanmaq imkanı genişləndirilir”

“2018-ci ildə “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin inzibati binasının açılışını gerçəkləşdirdik. Bu inzibati binanın açılışı elektron hökumət sayəsində çox böyük, müsbət irəliləyişlərə başlanıldı. Bu xidmətlər getdikcə daha da elektronlaşacaq. Bəzi hallarda vətəndaşların heç xidmət mərkəzlərinə gəlmədən xidmətlərdən yararlanması həyata keçiriləcək”, - deyə şöbə müdiri əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə