Böyük zəfərlərə doğru

İlham Əliyev: "Heç bir beynəlxalq layihənin reallaşması Azərbaycanın iştirakı olmadan mümkün deyil"

Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2018-ci il estafeti 2019-cu ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verdi. Güclü iqtisadiyyata malik olan Azərbaycan, eyni zamanda, bir sıra möhtəşəm layihələrə imza atmaqla dünya birliyində öz yerini möhkəmləndirdi. Ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, son 15 il ərzində Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır: "Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək".

Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib

Bu gün Azərbaycanın son 15 ildə əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bilavasitə həyata keçirdiyi düşünülmüş siyasətlə bağlıdır. On beş il... Bu on beş il ərzində Azərbaycanda həyat günbəgün dəyişir, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Və bu gün Azərbaycan vətəndaşı bu uğurları görür və 2019-cu ilin də zəfərlər ili olacağına və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır.

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi tariixi fikirlərini bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".

15 il öncə deyilənlər bu gün reallığa çevrilib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı, bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Son 15 ilin uğur reallıqları - faktlar, rəqəmlər...

Son 15 ildə sürəili inkişaf yolu keçən Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Belə ki, 15 il öncə, 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 24 dəfə artaraq, 44,3 milyard dollara yüksəlib. Sözsüz ki, bu, ölkə Prezidenti İlham Əliyevin düşünülmüş uğurlu siyasəti nəticəsində əldə olunub: "Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik".

Eyni zamanda, Azərbaycanda aparılan güclü sosial siyasət ölkədə sosial təminat sisteminin də ildən-ilə güclənməsinə şərait yaradır. Buna misal olaraq, son 15 ildə pensiyalarda 11,3 dəfə, ümumilikdə, dövlət büdcəsinin sosialyönümlü xərclərində 10 dəfə, o cümlədən, sosial müdafiə və sosial təminat xərclərində 11 dəfə artım qeydə alınıb. Eyni zamanda, Azərbaycan bir çox ölkələrə nümunə göstərilə bilən əldə etdiyi uğurlardan biri də yeni iş yerlərinin açılması olub ki, son 15 ildə 2 milyona yaxın yeni iş yeri yaradılıb.

"Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir"

Hər bir müstəqli dövlət mövcudluğunu, təhlükəsizliyini, məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Ordu quruculuğu siyasətinin uğurla davam etdirən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbriki zamanı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq: "Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

Dövlət başçısı onu da bildirib ki, "bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər".

Ölkə Prezidenti onu da vurğulayıb ki, Azərbaycanın güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək. Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur... Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər".

Bir sözlə, bütün bunlar yenicə qarşıladığımız 2019-cu ilin də növbəti uğurlu 10 illiklərə doğru atılacaq addamların tərkib hissəsi olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə