Zahid Oruc: "2010-cu ildə də Dağlıq Qarabağ məsələsi Azərbaycan həyatının mühüm hissəsini təşkil edib” - MÜSAHİBƏ
Millət vəkili Zahid Orucun SİA-ya müsahibəsi
- Artıq 2010-cu ili başa vurduq. Ötən il ölkəmizin ictimai-siyasi həyatında nələr verdi?
- Ötən il iqtisadi sferada beynəlxalq əlaqələrimiz daha da gücləndi. Qlobal maliyə böhranının hökm sürdüyü bir vəziyyətdə əhalinin daha az ziyan çəkməsi üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən işlər reallaşdı. Bundan əlavə, ötən ilin ən mühüm addımlarından biri parlament seçkilərinin keçirilməsi idi ki, bu da dövlət quruculuğu, hakimiyyətin bir qolunun formalaşması baxımından əhəmiyyətli oldu. Ümumilikdə mən ötən ili ölkəmizin ictimai-siyasi həyatında uğurlu sayıram. İl ərzində həyata keçirilən bütün işlər uğurlu olduğundan birini digərindən daha artıq dəyərləndirib önəmli hesab etməzdim.
- Ötən ili Azərbaycanın xarici siyasətində uğurlu il adlandırmaq olarmı?
- Düşünürəm ki, 2010-cu ildə Azərbaycan xarici siyasət kontekstində münasibətlərini bütün dövlətlərlə ikitərəfli, çoxtərəfli səviyyədə yeni mərhələyə qaldırdı. Xüsusilə də türkdilli dövlətlərinin başçıları ilə keçirilən görüşləri önəmli hesab etmək olar. Həmin görüşlərin Naxçıvan Muxtar Respublikasında gerçəkləşməsi, bundan əlavə türk dövlətləri ilə ölkəmiz arasında olan münasibətlərin sinxronlaşması və strukturlaşması, mexanizm halına girməsi, işləklik qazanması əhəmiyyətli oldu. Ötən il həmçinin ayrı- ayrı dövlətlərlə münasibətlər iqtisadi xarakterdən daha üstün siyasi müstəviyə çıxarıldı ki, bu da son dərəcə mühüm bir işdir. Bu axarda mən Azərbaycan-Türkiyə hərbi ittifaqını ilin hadisəsi sayardım. Ümumi götürəndə isə ötən il Azərbaycanın xarici siyasi əlaqələri çevrəsində öz mövqelərini beynəlxalq kontekstdə gücləndirdi. Müxtəlif beynəlxalq qurumlarda, təşkilatlarda Azərbaycan məsələsi daha fəal şəkildə qoyulmuş oldu. Ölkə maraqlarımızın əleyhinə hardasa nəsə baş verirdisə də belə orada da Azərbaycanın fəal münasibətləri, mövqeləri gündəmdə idi.
- Keçən ili Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş kimi qiymətləndirmək nə dərəcədə düzgündür?
- Hər il olduğu kimi ötən ildə Dağlıq Qarabağ məsələsi Azərbaycan həyatının mühüm hissəsini təşkil edib. Azərbaycanın buna qədərki dövrdə siyasi-iqtisadi, diplomatik mexanizmləri bu problemin həlli üçün daha intensiv işlətməyə başladı. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsində ötən il ölkəmizin mövqeləri geriləmədi, əksinə bir sıra məsələlərdə biz irəli getmiş olduq. İstər beynəlxalq tribunalarda müzakirələr zamanı, istərsə də xarici təşkilatların konktekstində irəliləyişlər əldə olunub. Xüsusilə də, xatırlayırsınızsa Dağlıq Qarabağa yardım fonunda və orada keçirilən seçkilərə münasibətdə Avropa parlamentinin, Avropa Şurasının, ATƏT-in, hətta NATO-nun ölkəmizə yönəlik mövqe göstərməsi, ABŞ Dövlət Departamentinin bu məsələni pisləməsini mütərəqqi hadisələr kimi qiymətləndirmək olar. Əlbəttə xalq istəyir ki, problem tezliklə həll olunsun. Bu gün hər bir vətəndaş öz təsərrüfatını doğma yurdunda qurmaq istəyir. Ona görə biz bu məsələni hələ ki, natamam saymış oluruq. Amma düşünmürəm ki, pessimist mövqeyə yuvarlanmalıyıq. Ümumilikdə isə keçən il ərzində ölkəmizin Dağlıq Qarabağla bağlı həyata keçirdiyi siyasət fəal şəkildə işləmiş olub.
- Zahid müəllim, 2011-ci ildən nə gözləyir?
- Övlada münasibətdə valideyn qayğısı, valideynə münasibətdə övladın sevgisi, vətəndaşa münasibətdə vətən, torpaq sevgisi, millətə münasibətdə prezident və xalq birliyi, bütovlükdə isə bu ildən ölkəmizin bütün sahələrindən uğurlar gözləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB