Astaranın daha bir kəndinə təbii qaz verildi

Astaranın daha bir kəndinə təbii qaz verildi

Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Rinə kəndi rayonun dağ kəndlərindən biridir. SİA-nın məlumatına görə, burada sakinlər uzun illər idi ki, təbii qaz xətti olmadığına görə ciddi çətinliklərlə üzləşirdi. Bu günlərdə Rinə kəndinə təbii qaz xəttinin çəkilişi həllini tapıb. Dekabrın 27-də Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndin 122 təsərrüfatına mavi qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub.

Rayon İcra Hakimiyyəti Başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov son illərdə nümayəndəlik ərazisində aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat vermiş, uzun illərdən bəri həsrətində olduqları arzuya qovuşmaları münasibəti ilə kənd sakinlərini təbrik edib.

Tədbirdə Rinə kənd sakinləri Osman Dədəyev, Hətəməli Şəfəqqətov, Xəyalə Əsədova, Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov və başqaları onlara göstərilən hədsiz qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

İcra başçısı Qəzənfər Ağayev kənd sakinlərini təbrik edərək əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strateqiyasının Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizdə bütün sahələrdə aparılan misilsiz inkişafı diqqətə çatdırıb. Qeyd edib ki, Astara rayonunun, eləcə də Siayku inzibati ərazi dairəsi üzrə nümayəndəliyin timsalında bu inkişafı daha aydın hiss etmək olur.

Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Rinə kəndinə təbii qazın verilməsini bildirən məşəli alovlandırıb. Rinə kənd sakini Azər Baxşıyevin evində təbii qazın yandırılması mərasimində iştirak edən ailə üzvləri kənd sakinlərinə göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə