Ombudsman tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Ombudsman tərəfindən Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi də mühüm yer tutur. Bu məqsədlə Ombudsman və onun Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən həmin müəssisələrə müntəzəm olaraq başçəkmələr, saxlanılan şəxslərlə görüşlər keçirilir və qaldırılan məsələlərin həlli istiqamətində yanaşmalar göstərilir.

SİA xəbər berir ki, növbəti başçəkmə MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı müraciətlərin, saxlanılma şəraitinin, rəftar məsələlərinin, habelə tibbi yardım, qidalanma, ərzaq təminatı və digər hüquqların təminatı vəziyyətinin araşdırılması ilə bağlı bu müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunub.
Həmin şəxslərin hüquqlarının təmini vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, onlardan bəziləri barələrində aparılan cinayət işləri üzrə istintaqdan, məhkəmə hökmlərindən narazılıqlarını bildiriblər.
Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilmiş, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunmuş, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində təmin edilibdir.
Qeyd olunanlarla yanaşı, başçəkmə çərçivəsində bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılmış, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilibdir.
Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə