"Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı işlər, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfər artıb". SİA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edərkən deyib.
Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib.
S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə aparılan işləri də diqqətə çatdırıb. O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 76 faiz azaldığını bildirib.
Nazir qeyd edib ki, 2018-ci ildə ölkədə ilk dəfə olaraq elektron sosial reyestr, yəni e-sosial internet portalı yaradılıb: "Vətəndaşlar bu portal vasitəsilə nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlar barədə formalaşmış və saxlanılan məlumatlara çıxış imkanı əldə edə, nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, elektron xidmətlərdən real rejimdə yararlana bilərlər. Həmçinin hazırda vahid məşğulluq portalı, habelə onun tərkib hissəsi kimi nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində məşğulluq altsistemi yaradılır".
S.Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST" mərkəzlərinin yaradılmasını nəzərdə tutmaqla bu istiqamətdə mühüm innovativ yeniliyə yol açıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin, yəni nazirlik üzrə artıq pasportları hazırlanmış 124 xidmətin bir pəncərədən, tam şəffaf, vətəndaş rahatlığı prinsipi və sadə prosedurlarla təqdim olunmasına, ölkəmizin yeni bir brendinin formalaşmasına imkan verəcək. DOST layihəsinin reallaşdırılması üçün bütün hüquqi, institusional, texniki hazırlıq işləri başa çatmaqdadır və 2019-2025-ci ildə paytaxtda və bölgələrdə ümumilikdə 31 "DOST" mərkəzi açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB