Bu il şəhid ailələri və Qarabağ əlillərinə 626 mənzil təqdim edilib
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq, pensiya təyinatı sistemində təkmilləşdirmələr aparılıb. Müvafiq qanunvericiliyə edilmiş dəyişikliklər gələn ilin əvvəlindən pensiya təyinatının heç bir sənəd və vətəndaşın fiziki şəkildə müraciəti tələb olunmadan, yəni avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə imkan verəcək". SİA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edərkən deyib.
O bildirib ki, 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 fazinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Nazirin sözlərinə görə, həmçinin pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq.
S.Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzilin təqdim edilməsinə imkan verib: "Həmçinin bu il daha 265 nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunmasını nəzərdə tutan 19 aprel 2018-ci il tarixli Fərman isə dövlət başçısının hümanist təşəbbüsünün nəticəsi və şəhid ailələrinə xüsusi qayğısının davamıdır. 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan artıq 3 min nəfərinin 4 min vərəsəsinə həmin ödənişlərin verilməsi prosesi həyata keçirlir".
Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli Sərəncamı aztəminatlı ailələrə daha bir qayğıdır. Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat birdəfəlik yardım verilməsini nəzərdə tutur ki, bu da həmin ailələrin, yəni 50 minədək ailənin (200 mindən çox ailə üzvünün) bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB