"Bu il 50,2 min nəfər işlə təmin olunub"

"Bu il 50,2 min nəfər işlə təmin olunub"

"Cari ilin 11 ayında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla 50,2 min nəfərin işlə təminatı həyata keçirilib. Gələn il yeni bir istiqamət kimi "İşçinin dostu" proqramına başlanacaq ki, bu proqram 30 min iş yerinin yaradılmasına imkan verəcək". SİA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edərkən deyib.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb ki, onlardan 1000 nəfərini sosial yardm alan aiələrdən olanlar, 1255 nəfərini məcburi köçkünlər, 1000 nəfərdən çoxunu əlilliyi olanlar, 158 nəfərini şəhid ailəsi üzvləri və digər həssas qruplar təşkil edib: "Proqrama cəlb olunanlardan artıq 4 min nəfərinə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb və proqram iştirakçılarınımn mal və materiallarla təminatı işləri hazırda davam edir. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb".

S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə