Turistlər təhlükəsizliyin təmin olunduğu ölkəyə səfər etməyə üstünlük verirlər

Turistlər təhlükəsizliyin təmin olunduğu ölkəyə səfər etməyə üstünlük verirlər

Cari ildə Azərbaycana səyahət edən əcnəbi vətəndaşların sayı 2,5 milyona çatıb

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir. Turizm sektorunun davamlı inkişafı bu sektoru ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı sahəsinə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Ölkənin şaxələndirilmiş iqtisadiyyatı konteskstində regionların inkişafı üçün, məhz turizm sektoru həlledici əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Təbii ki, sərvətlərimiz, rəngarəng iqlimimiz və zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, həm də dövlətin turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsidir. Son illər ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər nəticəsində, Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Azərbaycanda turizm sektorunun inkişafı üçün addımlar atılıb. Yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlbi üçün viza rejimi sadələşdirilir, həmçinin, forumlar, sammitlər və idman oyunları keçirilib və bu, davam etməkdədir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır. Təsadüfi deyil ki, bu ilin ötən dövründə ölkəyə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə qədər artıb.

Ölkədə davamlı və fasiləsiz turizm axınına nail olunması üçün isə ilin bütün fəsillərində turist qəbul edəcək baza formalaşdırılıb. Qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması təmin edilib. Bu məqsədə nail olmaq üçün "Şahdağ" Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənir. Eləcə də, Qəbələ rayonunda fəaliyyət göstərən "Tufan" Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda ölkədə yerli və xarici turistləri qəbul etmək üçün 600-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt var. Bununla belə, evlərdə qalan turistlərin sayı da çoxdur. Qonaqlar arasında Rusiya, Avropa, Körfəz ölkələri, Çin, Hindistan, Pakistan və Uzaq Şərqdən gələnlər üstünlük təşkil edir.

Bu yaxınlarda turistlərin ən çox səyahət etdikləri məkan olan Qusarda yerləşən "Şahdağ" Turizm Mərkəzində artıq yeddinci qış mövsümünün açılışı olub. Hazırlıq işlərini uğurla tamamlayan mərkəz yeni mövsüm üçün turistlərin ixtiyarına verilib. "Şahdağ" Turizm Mərkəzi hər mövsümün açılışında turistləri yeniliklərlə və xoş sürprizlərlə qarşılayır. Dörd növdə 15 ədəd kanat xətti, 13 sürüşmə yamacı xizək və snoubord həvəskarlarının ixtiyarına verilib. İstirahət kompleksində xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi təşkil edilib. Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması da nəzərdə tutulur. Dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən və ən yüksək standartlara cavab verən "Şahdağ" Turizm Kompleksində bu mövsüm, ilk dəfə olaraq, qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə iaşə nöqtələri istifadəyə verilib. Turizm mərkəzində təklif olunan qiymətlərdə də yeniliklər var.

Hazırda "Şahdağ" Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə Rusiya, Ukrayna, Belarus, Türkiyə və Qazaxıstandan olan turizm şirkətləri ilə işgüzar əlaqələr qurularaq, infoturlar təşkil edilir. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.

Turizm Mərkəzində qarla örtülən Şahdağ yamaclarını yüksəklikdən seyr etmək imkanı verən tandem paraplan uçuşlarına da start veriləcək. Paraplan uçuşlarına ötən ilin yay mövsümündən başlanılıb. Bu adrenalin dolu əyləncəyə həddindən çox maraq göstərildiyindən, uçuşların qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycanda turizmin inkişaf tempi, onu deməyə əsas verir ki, ölkəmizdə davamlı inkişaf tendensiyası uğurla həyata keçirilmişdir. Bunu faktlar da sübut edir. Statistikaya nəzər salsaq, görərik ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb, bununla da, sərhədlərimizi keçən səyahətçilərin sayı təxminən 2,5 milyona çatıb.

Rusiya, Gürcüstan və Yaxın Şərqdən gələn səyahətçilərin sayı 2018-ci ilin müvafiq müddətində Azərbaycana gəlmiş səyahətçilərin ümumi sayının 65%-ni təşkil edib.

Heç şübhəsiz ki, ölkədə turizm sektorunun inkişafına təsir göstərən amillərdən biri, bu sahədə infrastrukturun yaradılmasıdır. Ancaq bununla yanaşı, sabitlik də əsas şərtləndirici rola malikdir. Çünki turistlər, bir qayda olaraq, özlərini daha güvənli və təhlükəsiz hesab etdiyi ölkələrə səfər etməyə üstünlük verirlər. İldən-ilə ölkəyə gələn turistlərin sayında artım qeydə alındığına diqqət yetirsək, o zaman turistlərin, məhz sabitlik baxımından, Azərbaycana səfər etdiklərini də qətiyyətlə söyləyə bilərik. Məlum olur ki, həm yaradılan infrastruktur, həm də ictimai-siyasi sabitlik xarici turistlərin Azərbaycana olan marağının artmasına təsir göstərir. Onu da xüsusi qeyd etmək lazımdır ki, son illərdə ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq idman, mədəniyyət və humanitar tədbirləri də Azərbaycan barədə beynəlxalq aləmdə, dünyada, ayrı-ayrı ölkələrdə və onların vətəndaşlarında maraq yaradır. Bu maraq isə, onların Azərbaycana səfərlərini şərtləndirən amillərdən birinə çevrilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə