"Son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərir". SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun bu keçirilən hesabat tədbirində çıxış edərkən deyib.
Bu gün dünyada ailələrin sayının azaldığını deyən komitə sədri bildirib ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir: "Belə ki, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artıb, nikahların sayı da bir o qədər azalıb".
H.Hüseynova vurğulayıb ki, ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır: "Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir".
Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazasının mövcud olduğunu deyən, komitə sədri deyib ki, yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir: "Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün Hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini (9 milyon 900 min) ötüb. Bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə vardır. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var".
H.Hüseynova söyləyib ki, ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir: "Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün "Ailə Psixoloqu" İnstitutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin gürünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün "Ailəlikcə kitabxanaya" layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütailəyə marağını artırır, həm də ailə üzvlərini bir- birinə daha da mehriban edir".
Komitə sədri qeyd edib ki, Ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası olsa da, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir: "Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsllə gənc nəslin dialoqunu təşkil edirik. Bundan başqa komitə tərəfindən Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülüb. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Bu yaxınlarda "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur".
O əlavə edib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı 350-dək artıb: Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. BMT Uşaq Fondunun da qeyd etdiyi kimi, Azərbaycanın bu təcrübəsi uşaq liderliyinin reallaşması sahəsində digər ölkələr üçün yaxşı nümunələrdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB