"İqtisadi cəhətdən qadının güclü olması zorakılığa məruz qalma riskini azaldır"

"İqtisadi cəhətdən qadının güclü olması zorakılığa məruz qalma riskini azaldır"

"Qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı önəmlidir: İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir".

SİA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun bu keçirilən hesabat tədbirində çıxış edərkən deyib.

O bildirib ki, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır: "Ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır".

Komitə sədri söyləyib ki, qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır: "Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri buna əyani misaldır. Yeri gəlmişkən istəyirəm qeyd edim ki, bu il biz Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Regional Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində Mərkəzlərin fəaliyyətindən iyirmi mindən çox (20 748) vətəndaş bəhrələnib. Buna görə də Mərkəzlərin fəaliyyətini təkmilləşdirmək məqsədilə əməkdaşların peşəkarlığının artırılması ilə yanaşı, maddi-texniki bazası da intensiv şəkildə möhkəmləndirilir".

Bu il daha bir Mərkəzin Zaqataladakı yeni binasının açılışı olduğunu deyən H.Hüseynova əlavə edib ki, növbəti ildə investisiya layihəsi çərçivəsində Goranboydakı Mərkəzin yenidən inşası nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə