Bilik Fondunun əsas meyarı: layiqli vətəndaş

Bilik Fondunun əsas meyarı: layiqli vətəndaş

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı, Oğuz, Qax, Ağdaş, Ağsu, Şəmkir, Astara və Nardaran bilik evlərinin, eləcə də Qarabağ və Ağstafa regional bilik evlərinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirə “dəyirmi masa” formatında Bilik Fondunun inzibati binasında təşkil olunub. Fonddan SİA-ya bildirilib ki, icraçı direktor Oktay Səmədov müşavirəni açaraq, bilik evlərinin rəhbərləri və əməkdaşlarının vəzifə funksiyalarını xatırladıb.

Dövlət başçısının imzaladığı Sərəncamla elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Bilik Fondunun həyata keçirdiyi proqram və layihələrdən söz açan icraçı direktor rəhbəri olduğu qurumun illik fəaliyyət planında Şərqdə qurulan ilk demokratik respublikanın əhaliyə daha yaxından tanıdılmasının prioritet vəzifə kimi əksini tapdığını deyib.

Fondun idarə heyətinin qərarı ilə təsdiqlənmiş “Cümhuriyyət tariximiz – qürurumuzdur” layihəsindən danışan O.Səmədov bu istiqamətdə təşkil olunan mühazirə, konfrans, “dəyirmi masa” və görüşlər, təqdimatlar, film və tamaşa nümayişləri, kitab nəşrləri, elmi turlar, müsabiqələr və bilik yarışlarının səmərəli nəticələrindən söz açıb, uğurlarla yanaşı, qarşıda duran vəzifələri də diqqətə çatdırıb.

Bildirilib ki, Bilik Fondunun 76 rayonda olan nümayəndələri və 10 bölgədə fəaliyyət göstərən bilik evlərinin maarifçilik missiyası təqdirəlayiq sayılsa da, bununla kifayətlənmək olmaz, işlər daha təkmil şəkildə əhalinin bütün təbəqələrinə nüfuz edə biləcək səviyyədə qurulmalıdır. Bunun üçün bilik evləri və nümayəndələr arasında ünsiyyət körpüsünün yaradılması, birgə layihələrə imza atılması vacibdir.

İcraçı direktor bilik evlərində artıq dördüncü ildir fəaliyyət göstərən ingilis, rus, Azərbaycan dili, “Kompüter texnologiyaları və kargüzarlıq işi” təlim kurslarına, toxuculuq, dərzilik, dekorativ tətbiqi sənət, rəssamlıqla bağlı dərnəklərə cəlb olunan dinləyicilərə dərsləri mənimsəməklə yanaşı, azərbaycançılıq ruhunun aşılanmasının vacibliyinə toxunub. O, hər bir azərbaycanlının savadlı, elmli olmaqla bərabər, vətənpərvər, dövlətə, xalqa, cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinin vacib olduğunu, Bilik Fondunun məhz bu meyarı əsas götürdüyünü diqqətə çatdırıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev də bilik evlərini fəal olmağa çağırıb. O, bölgələr üzrə məsul şəxsləri təşkil etdikləri tədbirlərdə dövlətin daxili və xarici siyasətinin, ölkə başçısının fərman, sərəncam, qərar, tapşırıqlarının, Milli Məclis tərəfindən təsdiqlənən qanun layihələrinin əhaliyə düzgün və dolğun çatdırılmasına xüsusi diqqət ayırmağa səsləyib.

Görüşdə Ağdaş Bilik Evinin müdiri, rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova, “Toxuculuq” dərnəyinin təlimçisi Turanə Şıxəliyeva, “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlimçi Sərxan Nametov, Ağstafa Regional Bilik Evinin müdiri, rayon icra hakimiyyətinin şöbə müdiri Leyla İsayeva, “Xalçaçılıq” dərnəyi üzrə təlimçi Maisə Eyyubova, Oğuz Bilik Evinin müdiri Gülşən Məcidova, rayon üzrə nümayəndə Anar Məcidov, “Oxucu klubu”nun koordinatoru Cəlil Cavanşir, İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova və əməkdaşı Raqub Xəlilli, “İngilis dili” üzrə təlimçisi Ruhiyyə Mahmudova, Ağsu Bilik Evinin müdiri Reyhanə Tacızadə, rayon icra hakimiyyətinin baş məsləhətçisi Kənan Tacızadə, Nardaran Bilik Evinin kiçik mütəxəssisi Nərmin Əliyeva, Qarabağ Regional Bilik Evinin müdiri Gülarə Əkbərova, Şəmkir Bilik Evinin əməkdaşı Hicran Əliyeva, Qax Bilik Evinin “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlimçisi Adilə Aşurova, Astara Bilik Evinin müdiri Yasəmən Rəsulova, Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, “Ədəbi yaradıcılıq” dərnəyinin rəhbəri Mehman Əliyev il ərzində gördükləri işlərdən danışıb, çatışmazlıqların obyektiv səbəblərinə aydınlıq gətirib, gələcək planlarını açıqlayıblar. Bilik evlərinin məsul şəxsləri və təlimçilərinin maarifləndirmə işinin səmərəliliyinin artırılması ilə bağlı irəli sürdükləri təkliflər, fondun monitorinq və proqnozlaşdırma qrupu tərəfindən qeydə alınıb.

Sonda fond rəhbərliyi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bilik evlərinin nümayəndələrini təbrik edib, onlara maarifçilik fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə