Qazaxıstanın Azərbaycandakı səfirliyində dahi Azərbaycan şair, dramaturq Hüseyn Cavidin qazax dilində şeirlər və Azərbaycan dilində çap olunan "Alaş Orda – qazax dövlətçiliyinin tarixində əhəmiyyəti" kitabının təqdimatı keçirilib. "Hüseyn Cavid" kitabı ədibin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərəfindən qazax dilinə tərcümə edilib. Geniş oxucu kütləsinə təqdim olunan ikinci kitab qazaxların Alaş Orda ictimai hərəkatının qurduğu dövlətin yaranma tarixi, partiyanın fəal üzvləri haqqında Azərbaycan dilində çap olunan bir əsərdir. Kitabda Beybit İsabayev (ön söz), Nursultan Nazarbayev, Mambet Koygeldiyev, Radik Temirqaliyev, Nizami Məmmədov-Tağısoy, Janna Kıdıralinanın Alaş Orda haqqında yazıları və fotoalbom yer alıb.

Hər iki kitabın təqdimat mərasimi Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin çıxışı ilə başladı. O, qonaqları salamlayandan sonra bildirdi ki, dahi Azərbaycan şairi və dramaturq Hüseyn Cavidin şeirlərinin qazax dilində və "Alaş Orda" kitabının Azərbaycan dilində çap olunması, iki türk xalqının dostluq və qardaşlıq əlaqələrinin daha möhkəmlənməsinə, tariximizi, irsimizi, ədəbiyyatımızı dərindən öyrənməyimizə, sevməyimizə gətirib çıxaracaq. O bildirdi ki, 2018-ci il hər iki xalq üçün olduqca əhəmiyyətli ildir. Belə ki, bu il Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi qeyd olunur. Eləcə də, Qazaxıstanda ötən il Alaş Ordanın qurulmasının yüzilliyi olub. Belə bir tarixi hadisələr qeyd olunun dövrdə, bu kitabların çapını və ictimaiyyətə çatdırılmasını xalqlarımız üçün bir hədiyyə olduğunu qeyd etdi.
Tədbirin davamında Əl Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qalım Mutanov çıxış etdi. O, Hüseyn Cavid yaradıcılığının türk dünyasının birliyinə, bütünlüyünə xidmət etdiyini bildirdi. Rəhbərlik etdiyi ali təhsil ocağında Cavidin 135 illik yubileyinin keçirildiyini və bu kitabın şairin yubileyi münasibətilə işıq üzü gördüyünü qeyd etdi. Rektor Qazaxıstan ədəbiyyatşünaslarının Hüseyn Cavid yaradıcılığını, irsini daha geniş tədqiq etməli olduğunu da qeyd edib. Daha sonra Azərbaycan dilində çap olunan "Alaş Orda" kitabının da iki xalqın yaxınlaşmasında böyük əhəmiyyəti olduğunu qeyd edərək, bu kitabda 1917–1920-ci illər arasında qazax xalqının Alaş Orda hərəkatının elan etdiyi eyniadlı dövlətin yaranma tarixi haqqında çox dəyərli bir kitab olduğunu vurğuladı. Rektor kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyliyə dərin təşəkkürünü bildirdi. Bundan başqa, Əl-Fərabi adına Milli Universitetdə "Azərbaycan tarixi və mədəniyyəti mərkəzi”nin qurulmasından söz açaraq bu işdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun onlara yaxından kömək etməsini də vurğuladı.

Daha sonra İsa Həbibbəyli çıxış edərək hər iki türk xalqının keçdiyi şərəfli tarixi yoldan, ədəbi-mədəni irsindən danışaraq bildirdi ki, Alaş Orda partiyasına və bu qurumun yaratdığı dövlətə həsr olunmuş kitab qazax dövlətçilik tarixinin, müstəqillik hərəkatının, azadlıq hərəkatının təsviridir və Alaş Orda haqqında bütün məlumatları – qurumun fəal simalarını, keçdiyi yolları məhz burada tanımaq olar. İsa Həbibbəyli Azərbaycan Xalq Cümhuriyyəti ilə Alaş Ordanın ortaq nöqtələrindən danışdı. Bu kitabın çapının, iki xalq üçün böyük bir tarixi hadisə olduğunu vurğuladı. "Alaş Orda"nın ərsəyə gəlməsində Nizami Tağısoyun böyük xidmətinin olduğunu bildirərək, ona təşəkkürünü bildirdi.
Tədbiri, türkoloq, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxışı ilə davam edərək, "Alaş Orda” kitabının və Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, böyük Hüseyn Cavadin qazax dilində çap olunmuş kitabının təqdimatının Azərbaycanın mədəni və ictimai həyatında kifayət qədər böyük hadisə olduğunu bildirdi. O, dedi ki, ilk baxışdan Hüseyn Cavidlə Alaş Orda arasında ciddi əlaqə görünməsə də, biz onun daxilində Alaş Orda hərəkatı və Hüseyn Cavid yaradıcılığı, Hüseyn Cavid mənəvi hərəkatı arasında olduqca incə bir bağlılıq olduğunu görə bilirik. Alaş Ordanın qazax xalqının gələcəyə istiqamətlənməsində, müəyyən olunmasında, onun inkişafı uğrunda apardığı mübarizəni, digər tərəfdən də Hüseyn Cavidin Azərbaycan xalqının ictimai düşüncəsinin formalaşması uğrunda mücadiləsində öz yaradıcılığı ilə apardığı mübarizəni görürük. Biz Alaş Ordanın əhəmiyyətini, Azərbaycan ədəbi ictimaiyyətinə çatdırmağa çalışdıq.
Filologiya elmləri doktoru, professor Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının görkəmli siması olduğunu, onun yaratdığı bu irsin yalnız bir xalqın irsi olmadığını, yaradıcılığının bütün türk xalqlarının, dünya xalqlarının irisi olduğunu bildirdi” "Fikrincə, Cavidin əsərləri təkcə bir əsrə deyil, gələcək zamanlara da aiddir. Onun bu gün qazax dilinə tərcümə olunmasını böyük bir ənənənin başlanğıcı hesab edirəm. Buna qədər türk, özbək dilinə tərcümə olunan Cavid, indi daha bir türk xalqına tanıdılır”.
Akademik Teymur Kərimli bildirdi ki, Hüseyn ərəbcədən tərcümədə gözəl deməkdir. Cavid də gözəllik aşiqidir: "Elə, dahi şairimiz Nizami Gəncəvi də türk deyəndə, "gözəl” başa düşürdü. Türk gözəlliyin, ədalətin, cəsarətin simvoludur”. Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas verir ki, dilçilər, ədəbiyyatşünaslar bu məsələyə xüsusi diqqət yetirməklə, ümumtürk mədəniyyətini, dilini, ədəbiyyatını zənginləşdirə bilərlər: "Cavid deyirdi: "Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" Bu gün mən fəxr edirəm ki, türk siyasətçiləri, diplomatları bütün dünyada öz ölkələrini layiqincə təmsil edirlər. Əgər Cavid sağ olsaydı, Nursultan Nazarbayev və İlham Əliyevi görsəydi, xalqına başucalığı gətirən bu iki şəxsiyyətə görə ürəkdən sevinərdi”.
Tədbirin davamında çıxış üçün söz filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevaya verildi. O rektor Mutanova ürəkdolusu təşəkkürlərini bildirdi: "Siz bir il içində Qazaxıstanda bu kitabı çap etdirəcəyinizə söz vermişdiniz. Amma siz sözünüzü daha tez tutdunuz və bu işi daha tez etdiniz. Bu, sizin həm də şair olmağımızdan irəli gəlir. Söz Allahın bizə verdiyi əmanətdir. Sözə belə münasibətinizə görə sizə təşəkkür edirəm. Hüseyn Cavid heç vaxt indiki qədər türk xalqlarına gərək olmamışdı. Bu gün türkdilli xalqlara Cavid daha çox lazımdır, daha çox gərəkdir. Ona görə ki, qloballaşan bir dövrdə qloballaşmanın dünyadan nələr verib, nələr aldığını duymağa Cavid irsi daha çox kömək edir. Cavidin ömrü boyu təbliğ etdiyi əsas ideyalardan biri türkdilli xalqların bütövlükdə türk dəyərlərini, İslami dəyərlərini qoruyub saxlamaqdır. Amma bununla yanaşı, o, öz xalqının, öz cəmiyyətinin dünyaya inteqrasiyası olunması, inkişaf etməsi arzusunda idi”.
Sona Vəliyeva bildirdi ki, Cavidin əsərləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türkdilli xalqlar üçündür: "Türkçülük ideyası, türkçülük ideologiyası şairin əsas ideyasıdır. Fikrincə, şair elə bircə "Qızlar məktəbində" (Gülbahar) şerini yazsaydı və ya onun elə bu şeiri qalsaydı belə, hər zaman böyük şair kimi yadda qalacaqdı, xatırlanacaqdı. Çünki bütün türkdilli xalqlara xas olan əxlaqi keyfiyyətlər bu şeirdə öz əksini tapıb”.
O, çıxışına həmin şeirlə davam etdi və sonda bu şeiri yazan, bu cür əxlaqi keyfiyyətləri türkdilli xalqlara hər zaman təbliğ edən şairin daim var olduğunu, əbədiyyən diri qalacağını vurğuladı.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da təqdim olunan kitabların əhəmiyyətindən, xalqlarımız arasında olan tarixi bağlılıqdan, bugünkü dostluq və qardaşlıq əlaqələrindən danışdı. Fondun reallaşdırdığı və planlaşdırdığı yeni layihələrdən söhbət açdı.
Təqdimat mərasiminin davamında digər qonaqlar da çap olunmuş kitablar haqqında təəssürat və sevinclərini bölüşdülər. Sonda kitabın ərsəyə gəlməsində əməyi keçənlər Əl Fərabi adına Qazaxıstan Milli Universitetinin müxtəlif diplom və hədiyyələri ilə təltif edildilər.
Xanım Aydın
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB