"Sağlamlıq" Respublika Spartakiadasına start verilib YENİLƏNİB-TƏDBİR-VİDEO-FOTOLAR

"Sağlamlıq" Respublika Spartakiadasına start verilib YENİLƏNİB-TƏDBİR-VİDEO-FOTOLAR

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə "Sağlamlıq – 2018" rabitə işçilərinin Respublika Spartakiadasına start verilib. SİA-nın verdiyi məlumata görə, yarışların əsas məqsədi rabitə sahəsində çalışan işçilərin sağlamlığının qorunması və onların fiziki cəhətdən möhkəmləndirilməsinin təmin edilməsi, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı idman növləri üzrə yığma komandalarının heyətlərinin müəyyən edilməsidir.

Artıq 23-cü dəfə keçirilən spartakiadada səkkiz idman növü üzrə (güllə atıcılığı, stolüstü tennis, kross qaçışı, voleybol, kəndirdartma, nərd, şahmat, dama,) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli müəssisə və qurumlarının komandaları yarışacaqlar.

Mərasimdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, rabitə birlik müəssisələrinin nümayəndələri, idman cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Spartakiadanı açıq elan edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Elmir Vəlizadə bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində, digər sahələrdə ələd edilən uğurlarla yanaşı Azərbaycan həm də idman ölkəsinə çevrilir: “Respublikamızda idmanın geniş vüsət almasına dəstək məqsədi ilə ənənəvi olaraq rabitə və yüksək texnologiyaları sahəsi işçilərinin peşə bayramı çərçivəsində “Sağlamlıq” Respublika Spartakiadası keçirilir. Azərbaycanda 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının, Formula-1 yarışlarının uğurla keçirilməsi əlamətdar hadisədir. 2019-cu ildə UEFA Avropa Liqasının finalı oyununun və Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan 2020-ci il futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən böyük işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir”.

E.Vəlizadə ölkəmizin idman uğurlarında rabitəçi idmançıların iştirakını xüsusi qeyd edib. O bildirib ki, Nazirliyin tabeliyində olan qurumlarda bir sıra idman növləri üzrə məşq edən idmançılarımız həmişə müxtəlif turnirlərdə yüksək nəticələr göstərirlər.

“Cari ilin sentyabr ayında Bakıda keçirilmiş beynəlxalq səviyyəli ekstremal idman turniri olan “Mübarizlər” yarışının komanda hesabında qalibi məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası olub”-deyə nazir müavini vurğulayıb.

Digər çıxış edənlər ölkəmizin son illər idman sahəsində ciddi uğurlara imza atdığını qeyd edərək, bu cür spartakiadaların ümumi inkişafa önəmli töhfələr verdiyini vurğulayıblar.

Açılış mərasimi bəddi hissə ilə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə