Dövlət başçısının Sərəncamı ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək
Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, dövlətin prioritet istiqamətlərdən hesab olunur. Ölkədə uğurla həyata keçirilən dövlət-sosial siyasətinin əsas xəttini ölkə vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması təşkil edir. İqtisadiyyatda həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi inkişaf və maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının və güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır.
Son 15 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verib. İşsizlik səviyyəsi 5 faiz, yoxsulluq səviyyəsi 4,9 faizədir. Əmək bazarında inkişaf meyillərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. Təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Həmçinin, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ölkədə aztəminatlı ailələrin məşğulluq probleminin həlli istiqamətində icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin öz təsərrüfatlarını quraraq, kiçik ailə biznesinə çıxışına, öz zəhmətləri, səyləri ilə gəlirlərini artırmalarına, həyat şəraitlərini yaxşılaşdırmalarına imkan yaratmaqdır. Bunun üçün proqram iştirakçılarına mal və materiallar verilməklə, onlara təsərrüfatları idarə etmək və genişləndirmək üçün müvafiq məsləhət xidmətləri də göstərilir. Proqram digər tərəfdən kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafına bir dəstəkdir.
Ölkədə ünvanlı dövlət sosial yardımı sisteminin işə düşməsi aztəminatlı ailələrin rifahının yaxşılaşmasına təkan verib. Ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun qüvvəyə minməsindən, qısa müddət ötməsinə baxmayaraq, onun ünvanlılıq, ədalətlilik və bərabərlik kimi prinsiplərinə əməl olunmaqla, müsbət nəticələr əldə edilib. Bu yardımın verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqqının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində, ölkədə adambaşına düşən orta aylıq gəlirlər davamlı olaraq artmaqdadır. Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardım 2006-cı ilin aprelindən tətbiq olunur. Həmin il 48 min ailə bu sosial müdafiə formasından bəhrələnirdi. Statistik rəqəmlərə əsasən, 2018-ci ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailə (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənilib.
Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Bununla da, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi, onların minik avtomobilləri ilə təmini sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili, minlərlə ailəyə hər il pulsuz dərman preparatlarının verilməsi dövlətin sosialyönümlü siyasətinin məntiqi nəticəsidir.
"Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Sərəncamı həyata keçirilən dövlət-sosial siyasətin məntiqi davamıdır. Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət-sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 (beş) milyon manat ayrılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət-sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin edəcək.
Ünvanlı sosial yardım aztəminatlı ailələrin rifahını yaxşılaşdırmağa xidmət edir. Əhalinin sosial durumunun yaxşılaşması isə ölkədə sabitliyə və davamlı inkişafa təminatdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB