Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd edilib TƏDBİR- SƏS TV

Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd edilib TƏDBİR- SƏS TV

Bu gün "Kaspi" qəzeti, "Kaspi" Təhsil şirkəti, Azərbaycan Mətbuat Şurası və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media kapitanları, jurnalistlər, QHT rəhbərləri və digərləri iştirak ediblər.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək bildirib ki, Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının klassikidir: "O şair, yazıçı, dilçi alim, ədəbiyyatşünas olmaqla yanaşı, həm də dramaturqdur. Onun əsərləri bu gün teatrlarda səhnələrə qoyulur".

Ə.Amaşov söyləyib ki, M.Şeyxzadənin azərbaycanlı olması bizi ona daha da yaxınlaşdırır: "İbtidai məktəbi Ağdaşda bitirən Maqsud daha sonra Bakı Pedaqoji Məktəbində təhsilini davam etdirib. Təhsilini bitirəndən sonra o, iki il Dağıstana göndərilir. Dağıstanda baş verən hadisələrdə iştirak etdiyi üçün Maqsud Özbəkistana sürgün edilir. 1967-ci ildə dünyasını dəyişən Maqsud Şeyxzadə qısa ömrünü Özbəkistan ədəbiyyatının inkişafına həsr edir".

MŞ sədri söyləyib ki, Maqsud Şeyxzadə şair kimi Özbəkistana sərbəst vəzn gətirib və bu vəzndə yazan ilk şair olub: "Öz əsərlərində Azərbaycanla bağlı həsrətini öz əksini tapıb. Onun məşhur "Mirzə Uluqbəy faciəsi" əsəri xalqın daim yaddaşındadır".

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən çəkilən "İki xalqın iftixarı" filmi təqdim edilib. Filmdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığı öz əksini tapıb.

Filmin təqdimatından sonra çıxış edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qonaqları salamlayaraq Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzin fəaliyyətindən söz açıb: "Özbəkistanda böyük Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində Azərbaycan əsərləri özbək dilinə, özbək əsərləri Azərbaycan dilində tərcümə edilərək tanıdılır".

Özbək ziyalılarının Azərbaycan ədəbiyyatına münasibətindən söz açan S.Vəliyeva söyləyib ki, müsbət münasibətin yaranması Maqsud Şeyxzadə kimi şəxslərin fəaliyyəti nəticəsində olub: "Maqsud Şeyxzadə bu gün tədqiq olunmağa, bütün dillərə tərcümə olunmağa layiq bir ziyalıdır. Belə şairlər bölünmür, onlara bizim, sizin deyilmir. Maqsud Şeyxzadə çox böyük keyfiyyətlərə malik idi. O, Özbəkistandan aldığı müsbət enerji sayəsində mühüm əsərlər ortaya qoyub. Bu gün biz özbək ziyalılarına Maqsud Şeyxzadəyə Özbəkistanda ev şəraiti yaratdıqlarına görə təşəkkür edirik. Məhz bunun nəticəsində Maqsud Şeyxzadə səmərəli iş ortaya qoya bilib".

Tədbirin davamında çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, mərkəz Özbəkistanda fəaliyyətini Azərbaycan mədəniyyətini təbliğinə həsr edib: "Bu gün Şeyxzadənin ruhu çox şaddır. Çünki onun 110 yaşını Vətəni Azərbaycanda qeyd edirik".

Qardaş Özbəkistanın tarixində Azərbaycanlılar böyük rol oynadığını dilə gətirən qurum rəhbəri bildirib ki, bu gün Özbəkistan xalqı onların fəaliyyətlərini yüksək qiymətləndirir: "Şeyxzadənin bir çox əsərləri özbək ədəbiyyatşünaslığında tədqiq edilir, öyrənilir. Azərbaycanda doğulan, lakin repressiya qurbanı olaraq Özbəkistana gələn Şeyxzadə çox böyük işlər ortaya qoyub. O Tərcümə Mərkəzi yaradaraq bu istiqamətdə xidmətləri ilə tarixə düşüb. Vətən həsrəti ilə yaşayan Şeyxzadə öz şeirlərində bunu əks etdirib. Azərbaycana bu tədbirin həyata keçirilməsinə görə təşəkkür edirəm. Son iki ildə "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə iki kitab çap etmişik".

Tədbirin davamında çıxış edənlər Maqsud Şeyxzadənin fəaliyyətini yüksək qiymətləndirərək, onu həm Azərbaycanın, həm də Özbəkistanın iftixarı adlandırıblar. Sonda "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva və Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Özbəkistandan gələn qonaqları təltif ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə