Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünü daşkəsənlilər dərin məhəbbət və ehtiramla yad ediblər. SİA-nın verdiyi məlumata görə, bu gün Daşkəsən rayon ictimaiyyətinin 2000 nəfərdən çox nümayəndəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdiriblər.
Gülqoyma mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə baş çəkərək burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə ümumrayon yığıncağı da keçirilib.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yığıncaqda bir dəqiqəlik sükutla yad edildikdən sonra, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən “Zaman və Lider” filmi nümayiş etdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən ümumrayon yığıncağında dərin məzmunlu, geniş məruzə ilə çıxış edib.
O, çıxışında deyib ki, bu gün bütün dünya azərbaycanlıları və ölkəmizin bütün ərazi və bölgələri Ümummilli Lider Heydər Əliyevin anım gününün 15-ci ildönümünü böyük ehtiram və dərin hüznlə yad edirlər: "Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, xalqımızın Ümummilli Lideri, dahi və müdrik Şəxsiyyət, dünya şöhrətli siyasətçi... Nə qədər ifadə etsək belə, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, qorunması, təməllərinin möhkəmləndirilməsi, inkişafı, tərəqqisi, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi əvəzsiz xidmətləri, qətiyyətli fədakarlığı, dönməz mübarizliyi barədə danışmaq yetərsizdir. Çünki Ulu Öndərin atdığı hər bir tarixi addımı bilavasitə bir amala – Azərbaycan dövlətinin və xalqının müstəqillik məfkurəsinin yaradılmasına yönəlmişdi. Əbəs deyil ki, bu dahi Şəxsiyyət Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib, bu yolda nəinki özünün, hətta ailə üzvlərinin həyatını təhlükədə qoymaqdan çəkinməyib və biz, bu tarixi məqamların təhlilini apardıqca, hər dəfə yeni şərəf səhifəsini açmış oluruq".
Ə.Abıyev çıxışına davam edərək bildirib ki, Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı demək olar ki, müqəddəratı həll olunmuş xalqının səsinə hər kəsdən əvvəl səs verən məhz bu dahi Şəxsiyyət – Ulu Öndər Heydər Əliyev oldu: "O zaman Ümummilli Liderimiz Moskvada, Kremldə xüsusi nəzarət altında olsa da, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu qanlı təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri ən sərt şəkildə ittiham etdi, qoşunların Bakıdan çıxarılması tələbini irəli sürərək, bütün dünyaya qanlı yanvar olayları ilə bağlı səs saldı. SSRİ-nin hələ də mövcud olduğu bir vaxtda amansız, qəddar, xalqımızın qanına susamış rejimə açıq şəkildə, özü də mərkəzində etiraz etmək sözün əsl mənasında qorxmazlıq, tükənməz hünər və dönməz cəsarət tələb edirdi. Məhz Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, bu addımı atdı, hər şeydən əvvəl Vətən, xalq qarşısında öz vətəndaşlıq və milli mövqe missiyasını həyata keçirdi və bu yolda hətta canını əsirgəməyəcəyi gerçəkliyini ortaya qoymuş oldu. Əgər həmin tarixi bəyanat olmasa idi, xalqımız və dövlətimiz sözün həqiqi mənasında daha ağır məşəqqətlərə uğraya, hətta öz müstəqilliyini belə, elan edə bilməzdi. Bu, bir aksiomadır və onu danmaq sadəcə, mümkün deyil.
Heydər Əliyev sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də Ulu Öndər Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Xəyanətə yol vermiş mərkəzi hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, naxçıvanlılar qısa müddətdə dahi şəxsiyyəti özlərinə rəhbər seçdilər, onun ətrafında sıx birləşdilər. Ulu Öndər Heydər Əliyev doğma torpağa gəlişi ilə insanların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Məhz Naxçıvanda bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı – Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və məhz Naxçıvanda üçrəngli bayrağımız dövlət rəmzi olaraq qəbul olundu. Ümumiyyətlə, Heydər Əliyevin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrildi. O cümlədən, böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. “SƏS” qəzeti vasitəsi ilə Heydər Əliyevə edilən ziyalıların müraciəti və Onun bu qəzet vasitəsi ilə tarixi cavabı Azərbaycan xalqının qəlbində ümid çırağını şölələndirdi.
Lakin 1993-cü ilə qədər baş verənlərə qayıdarsaq, daha dəqiq desək, SSRİ qoşunları Bakıdan çıxarıldıqdan sonra, 1991-ci ilin oktyabrında müstəqillik aktının qəbul olunmasının təhlilini apararsaq, bu dövrə qədər keçilmiş yolun nə qədər əziyyətli, məşəqqətli olduğunu görərik. Çünki əldə edilən müstəqilliyi qoruyub-saxlamaq faktoru həmin dövrlərdə ölkəyə rəhbərlik edən hakimiyyətlər tərəfindən ciddiyə alınmamışdı. Xalqımızın uzun illər həsrətində olduğu müstəqilliyi elə ilk illərdəcə çox böyük çətinliklərə, bəlalara düçar oldu. Ölkəmizdə yaranmış siyasi və iqtisadi böhran, o dövrdəki naşı hakimiyyətin siyasi səriştəsizliyi müstəqilliyimizi yenidən itirmə təhlükəsi ilə qarşı-qarşısıya qoydu, hətta ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaratdı. Bir tərəfdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı iddiaları, bu iddiaları çərçivəsində torpaqlarımızın bir hissəsini işğal etməsi, digər tərəfdən isə hakimiyyət daxilində siyasi çəkişmələr, eləcə də bölgələrimizdə separatçılıq meyllərinin cücərməsi ölkəmizi hər gün, hətta saatbasaat qaranlıq uçuruma doğru sürükləyirdi. Siyasi böhranla yanaşı, hökm sürən iqtisadi böhran, ərzaq qıtlığı, insanların çətin sosial durumu vəziyyəti hər gün daha da gərginləşdirirdi.
Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. “HEYDƏR XALQ-XALQ HEYDƏR!” tarixi şüarı də məhz o məqamlarda Azərbaycan xalqının birmənalı şüarına çevrildi. Nəticədə bu şüar bir reallığa çevrildi və onun qarşısının alınmasına yönəlmiş bütün cəhdlər darmadağın edildi. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı uğrunda başlatdığı işləri bir neçə mərhələyə hesablanmışdı:
1. Əldə edilmiş müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi;
2. Müstəqil Azərbaycanın inkişaf dövrü;
3. Azərbaycanın dünya miqyasında mövqeyini təsdiqləməsi və s.
Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində çətin işləri həyata keçirməyə başladı və bütün bunlar əməli şəkildə reallaşdırıldı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı. Məhz bu siyasətin həyata keçirilməsi ilə dahi Şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu".
Bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olduğunu deyən icra başçısı qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır. Bütün bunlar Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir: "Xalqımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasəti daim dəstəkləyir, sabaha inamla addımlayır. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları əbədi olacaqdır. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.
Allah Ulu Öndərimizə rəhmət eləsin, əziz Ruhu şad olsun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB