Qasım Rzayinin Azərbaycan Respublikasına səfəri başa çatıb

Qasım Rzayinin Azərbaycan Respublikasına səfəri başa çatıb

İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başa çatıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, 11 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında İran İslam Respublikasının sərhəd qoşunlarının nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti arasında səfər çərçivəsində keçirilmiş görüşlərin, aparılmış müzakirələrin və əldə olunmuş razılaşmaların nəticələrini təsbit edən protokol hazırlanıb, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İİR Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi tərəfindən imzalanıb.

Protokolda tərəflər arasında sərhəd mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların hərəkətinin daha da asanlaşdırılması, dövlət sərhədində qanunsuz fəaliyyətin, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qeyri-leqal miqrasiyanın, transsərhəd cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Həmin gün İİR nümayəndə heyəti Azərbaycan Respublikasının Atçılıq Federasiyasının təşkil etdiyi “Çövkən”Milli Atüstü oyunu üzrə Prezident Kuboku çərçivəsində “Sərhədçi” çövkən komandası ilə “Omar” çövkən komandası arasında oyuna tamaşa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə