ADPU-da Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetdə Heydər Əliyevin anım mərasimi ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri düzüb. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Sonra universitetin 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində Nərimanov rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının üzvləri, ADPU rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi iştirak ediblər. İlk öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, qüdrətli şəxsiyyətlərinin sırasında yer almışdır: "Ulu Öndər Heydər Əliyev bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəlmiş və xalqımız üçün ucalıq rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Dahi Öndər Heydər Əliyev öz böyük xidmətləri ilə tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır".
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin vəfatından 15 il keçir: "Qədirbilən xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Heydər Əliyev Azərbaycanı çətinlik girdabından xilas etmiş, müstəqil dövlətimizi qurmuş, gücləndirmiş, inkişaf perspektivlərini müəyyən etmiş və beynəlxalq miqyasda layiqincə tanıtmışdır. Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsidir. Bugünkü müstəqil,
qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır".
Tədbirdə universitetin tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov "Heydər Əliyevin siyasi portretinin cizgiləri" mövzusunda çıxışında Ulu Öndər Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına, millətinə, Vətəninə məhəbbətindən, elm və təhsilə xüsusi diqqət və qayğı göstərməsindən, yüksək intellektual səviyyəyə malik gənc nəslin yetişdirilməsi üçün həyata keçirdiyi gənclər siyasətindən ətraflı danışıb.
Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova, YAP-ın Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP-ın təsis konfransının iştirakçısı və Naxçıvanda YAP-ın qadınlar şurasının sədri olmuş Südabə Qəhrəmanova çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətlərlə bağlı öz fikirlərini bölüşüblər.
Mərasimdə universitetin tarix və coğrafiya fakültəsinin tələbə-gənclərinin xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması əsasında hazırladıqları bədii-musiqili kompozisiya təqdim edilib.
Sonda məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbələrinin hazırladıqları Dahi Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, xor kollektivinin ifasında "Ulu Öndər" mahnısı səsləndirilib.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB