Cəfər Cəfərov: “İnstitutun kefiyyətcə yeni mərhələyə qalxmasından ötrü öz məzunlarımızın gücündən istifadə etməliyik” - MÜSAHİBƏ

Cəfər Cəfərov: “İnstitutun kefiyyətcə yeni mərhələyə qalxmasından ötrü öz məzunlarımızın gücündən istifadə etməliyik” - MÜSAHİBƏ

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun SİA-ya müsahibəsi 

 

- Cəfər müəllim, Mədəniyyət və Turizm Nazirliyinin də qərarı olmuşdu ki, sizin institutu qurtaran tələbələr işlə təmin olunsunlar. Artıq ötən il institutunuzun ilk məzunları oldu və onların işlə təminatı məsələsi hansı yerdədir?

- Ötən il institutu bitirən 123 məzundan 74 nəfəri diplom aldı. 40% tələbə müəyyən səbəblərdən diplom ala bilmədirlər və onlar bu il təhsillərini davam etdirirlər. Diplom alan 74 nəfərin 20 nəfəri qızlardır. Oğlanların isə 1-2-ni çıxmaq şərtilə hamısı əsgərlikdədirlər. Əsgərlikdə olmayanlar isə otellərdə, öz yaşları üçün kifayət qədər yüksək olan işlərdə çalışırlar. Qızların da xeyli hissəsini institutda işə qəbul etmişik. Strategiya belədir ki, institutun kefiyyətcə yeni mərhələyə qalxmasından ötrü öz məzunlarımızın da gücündən istifadə etməliyik ki, sonradan bu güc sənayeyə buraxılacaq kadrların keyfiyyətinə təsir etsin. Təbii ki, məzunlar ilk növbədə sənayedə olmalıdırlar. Bizim qiyabi tələbələrin çoxu işləyir. Əyani tələbələr də isə ilk dəfə 22 həftəlik təcrübə semestrini biz tətbiq etdik. Oraya göndərdiyimiz tələbələrin çoxu isə bir müddət keçəndən sonra işə qəbul ediliblər. Ancaq əyani təhsil alan tələbələr praktika qurtaran sonra geri dönmək məcburiyyətindədirlər. Çünki oxumaqla işləmək çox hallarda üst-üstə düşmür. Biz də oxumaq çətin olduğundan onlar geri dönüb təhsillərini davam etdirirlər. Onların olduqları yerlərdən aldığımız fikirlər, qiymətlər onu göstərir ki, bir qayda olaraq hər kəs bizim tələbələrdən razıdır. Qısası budur ki, biz hələ ilk məzunlarla turizm sənayesinə elə də böyük təsir etmək vəziyyətində deyilik. Çünki onlar sənayeyə qoşulmayıblar. Lakin mən düşünürəm ki, yaxın 2-3 il ərzində çox güclü təsir olacaq. Xüsusilə o uşaqlar ki, onlar Avstriya-Azərbaycan proqramı çərçivəsində beynəlxalq qrupda təhsil alırlar. Onların ən güclü müəllimlərdən dərs almaq imkanları var. Əsas etibarı ilə onların da institutumuzda saxlanmasına çalışır.

- Universitetinizin diplomlarının xarici ölkələrdə tanınması istiqamətində hansı işlər görürsünüz?

- Bizim Azərbaycan diplomlarının tanınması məsələsini nəzərdən keçirməmişik. Məzunlarımızdan bir nəfəri Maldivdə fəaliyyət göstərir. Yəqin diplomumuz tanınır ki, tələbəmiz oradadır. Xüsusi tədqiqat aparmamışıq ki, diplom tanınır və ya tanınmır. Ancaq düşünmürəm ki, diplom ilk göstəricidir. Sektorda daha artıq dərəcədə konkret biliklər yoxlanılır. Əgər bir tələbənin ən yaxşı diplomu varsa, ancaq onun arxasında bilik və bacarıqlar durmursa, onun o qədər də əhəmiyyəti yoxdur.

- Belə bir fikir səsləndirdiniz ki, bizdə oxumaq çətindir. Sizin institutda təhsil digər ali məktəblərdəki təhsildən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Oxuyan tələbə üçün çətin deyil. Ancaq oxumayan, tənbəllər institutda çətinliklərlə rastlaşırlar. Bu ilin əvvəlindən 4-5 nəfər sənədlərini götürüb başqa yerə getməklə bağlı müraciət ediblər. Biz də məmnuniyyətlə razı olmuşuq, çünki onlar bir qayda olaraq, təhsili yerinə yetirməyən tələbələrdir və çoxlu kəsrləri var idi. Bizə oxuyanlar lazımdır. Biz Turizm İnstitutunu bitirən və diplomuna imza qoyduğumuz tələbəyə başımızla cavabdehik ki, o bizim üzümüzü qara etməyəcək. Zəif tələbələr isə ancaq ali təhsil adı ilə nəsə bir sənəd əldə etmək istəyirsə, bunu başqa yerdə əldə edə bilərlər.

- Gələn il institutun fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Bu ildən institutda magistratura pilləsi başlayıb və artıq ilk magistrantlar təhsillərini davam etdirirlər. Yeni təsdiq olunan doktorantura siyahısında Turizm İnstitutununda adı var. Həm fəlsəfə, həm də elmlər doktoru üzrə işlər bizim institutumuz tərəfindən də aparılacaq. Turizm üzrə elmi kadrların hazırlığına da başlayırıq. Binanın özündə də müəyyən təkmilləşdirmə işləri aparırıq. Yeni bir mərtəbə tikilib və burada 17 otaq istifadə verilib ki, bu da imkanlarımızı daha da genişləndirib. Strukturlaşma artıq başa çatıb və 7 kafedra olaraq işimizə davam edirik. Elmi-tədqiqat işlərinin artıq planı təsiq olunub və bu istiqamətdə də işlərimiz gedir. Strateji istiqamət isə keyfiyyətin yüksəldilməsidir. Kurrikulumların hazırlanması, yeniləşdirilməsi, müəllimlərin özünün yetişdirilməsi, yəni quruculuq işlərinin birinci mərhələsi başa çatıb. 2-3 ilə bu işlər tam həll olacaq. Artıq oturuşmuş struktur dövriyyə edəcəksə, bu bizə yeni mərhələdə yeni keyfiyyətə çıxmaq imkanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə