Şeyxülislam Allahşükür Paşazadə səhiyyə nazirinə məktub göndərib

Şeyxülislam Allahşükür Paşazadə səhiyyə nazirinə məktub göndərib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, Şeyxülislam A. Paşazadə məktubda Müqəddəs həcc ziyarətindən qayıdan soydaşlarımızın Türkiyə ərazisində qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş və xəsarət almış vətəndaşlarımıza göstərilən diqqət və qayğıya, yaralıların vaxtında xəstəxanalara yerləşdirilməsi və tibbi yardımın təşkili işindəki səylərinə görə Qafqaz müsəlmanları adından minnətdarlığını bildirib.

Şeyx məktubda belə bir çətin və fövqəladə vəziyyətdə Azərbaycan tibb işçilərinin nümayiş etdirdiyi operativlik və professionallığını yüksək təqdirə layiq fakt kimi qiymətləndirərək eyni zamanda bunu dövlətə və xalqa xidmətin bariz nümunəsi kimi dəyərləndirib.

Məktubun sonunda Şeyxülislam Allahşükür Paşazadə Oqtay Şirəliyevə bir daha təşəkkür etmiş və ölkəmizin rifahı naminə gördüyü bütün işlərdə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə