İntiqam Babayev: “Gənclər təşkilatlarının yarısı qrant verildiyi təqdirdə fəaliyyətini qurur”
"Ölkədə 200-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb və onlar Azərbaycanda keçirilən dövlət gənclər siyasətinin ayrılmaz bir hissəsidir. Onların cəmiyyətimiz üçün vacib olan müxtəlif sahələrdə təşəbbüslərini, layihələrini dəstəkləyirik". Bu barədə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev SİA-ya açıqlamasında deyib ki, bütün bunlara baxmayaraq neqativ hallar da mövcuddur. Belə ki, dövlət qeydiyyatından keçən gənclər təşkilatlarının yarısı qrant verildiyi təqdirdə fəaliyyətini qurur: "Buna baxmayaraq, Gənclər və İdman Nazirliyi həmin təşkilatlara da öz dəstəyini göstərir. Nazirlik müsabiqə yolu ilə bu təşkilatların fəaliyyətinin genişlənməsi üçün qrant ayırır. Biz çalışırıq ki, gənclər təşkilatlarının fəaliyyətinə hərtərəfli dəstək göstərək, onların cəmiyyət üçün aktual olan bütün sahələrdə təşəbbüslərinə və layihələrinə dəstək verək".
Nazir müavini vurğulayıb ki, təşkilatların heç də hamısı istənilən şəkildə fəaliyyətini qura bilməyib. Çünki fəaliyyət göstərən 200 təşkilatın yalnız bir qismi fəallığı ilə seçilir: "Eyni zamanda təşkilatların sayının 200-dən artıq olması o demək deyil ki, hamısı fəal fəaliyyət göstərir. Məsələn, barometr olaraq hər il keçirilən gənclər təşkilatlarının sərgisini götürürük. Bu tədbirə 100-110 təşkilat qatılır və hesab edirik ki, bu təşkilatlar fəaldır. Digərləri isə bu və ya digər şəkildə fəaliyyətlərini qururlar. Ümumilikdə dünya ölkələri ilə müqayisə etdikdə Azərbaycanda gənclər təşkilatlarının fəaliyyəti qənaətbəxşdir. Biz heç də qarşımıza məqsəd qoymamışıq ki, gənclərin hamısı hər hansısa bir təşkilatın üzvü olsun. Azərbaycan gənci əgər tələbədirsə, birinci növbədə təhsillə məşğul olmalıdır və boş vaxtı varsa, onu ictimai işə sərf etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB