Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi 27 il ərzində böyük inkişaf yolu keçib. Mövcud potensialı ilə seçilən Azərbaycan dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında yer qazanıb. Həyata keçirilən milli strategiya, yürüdülən ictimai-siyasi və mədəni mövqe, məhz belə yüksək imicin Azərbaycan ətrafında yaranmasına səbəb olub.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edir. Azərbaycanın yüksək iqtisadi-sosial uğurlarından və əldə edilən nailiyyətlərindən danışarkən, son illərdə müasir tələblərə cavab verən turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişləri də qeyd etməliyik. Ölkənin yeraltı-yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycanda turizm üçün lazımi şəraitin olduğunu göstərir. Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub, yeni turizm zonaları yaradılıb. Müasir dövrümüzdə turizmin inkişafını vurğulayarkən, ölkəmizdə dünya standartlarına cavab verən beşulduzlu və dördulduzlu mehmanxanaların olmasını da qeyd etməliyik. Bu otellərin, qısa bir zamanda, istifadəyə verilməsi dünyada analoqu olmayan bir hadisədir. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. "Four Seasons", "Fairmont", "Mariott", "Jumeirah" kimi dünyanın aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Əlbəttə ki, bu və ya digər göstəricilər ölkəmizin dinamik inkişafının göstəricisidir.
Paytaxtımızla yanaşı, hazırda bölgələrdə ən müasir səviyyədə hotellər inşa olunub. Şimal-qərb zonasında - Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Bəli, əminliklə vurğulayaq ki, ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik və təhlükəsizlik hökm sürür. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Görülən işlər, bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır. Elə son dövrdə Azərbaycana üz tutan turistlərin sayında müşahidə olunan artım bunu deməyə əsas verir.
Prezident İlham Əliyev "Bakutel-2018" sərgisi ilə tanış olarkən, rusiyalı jurnalistin Ona ünvanladığı :"Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?" sualını cavablandıraraq bildirib ki, ölkəmizə rusiyalı turistlər daha çox üz tuturlar: "Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub- saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait diqqəti cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır".
Bəli, turistlərin məhz bu gün Azərbaycanı seçməsinin bir çox səbəbləri var. Son illər Azərbaycanda müasir infrastruktur yaradılmışdır. Dünyanın, demək olar ki, aparıcı sıralarında olan, dünya standartlarına cavab verən otellərin tikilməsi, müasir yol infrastrukturu, müalicəvi turizmin inkişaf etdirilməsi turistləri bu məkana daha çox cəlb edir. Başlıcası isə Prezident İlham Əliyevin vurğuladığı kimi, təhlükəsizliyin, sabitliyin hökm sürməsidir. Multikultural, tolerant bir dövlət kimi tanınan Azərbaycan dünya xalqlarının nümayəndəsinə hörmətlə yanaşır.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB