Artıq qış qapımızdadır. Havaların soyuq keçməsi, yağan yağış, qar müəyyən problemlərə yol aça bilir. Vətəndaşlarımızın hava şəraitindən asılı olmayaraq həm kommunal, həm nəqliyyat, həm də digər problemlərlə üzləşməməsi üçün hər il aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçir, qış aylarında müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini daha da genişləndirirlər.
Qışa hazırlıqla bağlı hazırladığımız yazıların davamı olaraq bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövsümlə əlaqədar fəaliyyət planını sizə təqdim edirik:
“Xüsusi texnikalar saz vəziyyətə gətirilib”
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.
Onun sözlərinə görə, eyni zamanda paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin Şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, həmçinin “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb, rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb: “Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görüləcək.
Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub”.
“Qarlı-buzlu küçələrə 3 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır”
İ. Kərimov söyləyib ki, bu il Bakıda qarlı-buzlu küçələrə 3 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır: “Artıq 2600 ton duz ehtiyatı toplanıb. Həmçinin 50-yə yaxın xüsusi təyinatlı avtomobillər saz vəziyyətə gətirilib. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan və xüsusən qış aylarında istifadəsi nəzərdə tutulan texnikalar artıq hazır vəziyyətə gətirilib. Qarlı yollarda avtomobillərin normal hərəkətini təmin etmək məqsədi ilə duz ehtiyatı da toplanıb. Bu il idarə tərəfindən yollara 3 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır”.
“30 marşrut üzrə yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib”
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli söyləyib ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin qış mövsümünə hazırlıq və bu mövsümdə Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub: “Həmin razılığa əsasən Böyük Şor qovşağı, 20 Yanvar dairəsi, Bayraq meydanından başlayaraq bütün şəhər ətrafı yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhər daxili avtomobil yolları isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qardan-buzdan təmizlənəcək.
2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21 ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınmışdır. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə maşın-mexanizm hazır vəziyyətə gətirilib”.
“Şəhər yollarında buzla mübarizə işlərinə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub”
Şöbə rəisi qeyd edib ki, bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri aparılıb: “Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulan qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Təkcə Bakı şəhər yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib. Mövsümlə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb”.
“Dəmir yolunda qış mövsümünə hazırlıq işləri gücləndirilir”
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib ki, qurumda “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər" planına əsasən təsərrüfatlar üzrə hazırlıq işləri sürətləndirilir.
Onun sözlərinə görə, tədbirlər planına uyğun olaraq, Departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtükləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qışda qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır:
“Lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında müvafiq texnikanın təmiri prosesi davam etdirilir, işarəvermə və rabitə təsərrüfatında, dartı yarımstansiyalarında texniki avadanlıqlar yoxlanılır. Eyni zamanda, Tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib. Vağzallarda, inzibati binalarda, təmir sexlərində dam örtüklərinə, qapı və pəncərələrə baxış keçirilir, istilik sistemləri yoxlanılır, ehtiyac olan yerlərdə təmir işləri aparılır”.
“Elektrik qatarlarında istilik sistemləri yoxlanılıb, pəncərələr şüşələnib”
Qurum sözçüsü qeyd edib ki, sərnişin vaqonlarının təmiri prosesini həyata keçirən Bakı vaqon deposunun kollektivi tərəfindən beynəlxalq istiqamətdə, ölkə daxilində hərəkət edən sərnişin qatarlarında, eləcə də elektrik qatarlarında istilik sistemlərinin vəziyyəti yoxlanılıb, pəncərələr şüşələnib, daxili avadanlıqlar və ehtiyat hissələri tam istismara yararlı vəziyyətə gətirilib. Qış fəslində istifadə üçün daş kömür ehtiyatı görülüb. Bundan başqa təmir sexləri və inzibati binanın dam örtükləri yenilənib, istilik sistemi qaydasına qoyulub. Təmir sexlərində çalışan işçilər qış geyimləri ilə təmin olunublar. Görülən işlər sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb. Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB