Azərbaycan dünyada sivilizasiyalararası dialoqun məkanıdır TƏHLİL

Azərbaycan dünyada sivilizasiyalararası dialoqun məkanıdır TƏHLİL

Bu gün Azərbaycan müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa dair sanballı tədbirlər keçirilməsi üçün ənənəvi məkana çevrilib. Milli mədəniyyətlərin qovuşduğu diyar, tolerantlıq məkanı olan Azərbaycanda müxtəlif millətlər və xalqlar dini-etnik mənsubiyyətindən asılı olmayaraq, mehriban dostluq şəraitində yaşamış və bu gün də müstəqil dövlətimiz müxtəlif xalqların və millətlərin birgəyaşayış ənənələrini qoruyub-saxlayır. Ölkəmizdəki müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul olunması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz ölkəmiz Şərqə məxsus qonaqpərvərlik ənənələrini və birgəyaşayış mədəniyyətini qorunub-saxlayır. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz əsrlər boyu burada yaşayan bütün millətlərin və dinlərin nümayəndələri üçün Vətən olmuşdur. "Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirik ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır".

Belə bir məkanda - Odlar Diyarında 2008-ci ildən "Bakı Prosesi" başlanılmışdır. "Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Belə ki, Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülmüşdür. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi" qəbul edilmişdir.

Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ölkəmizdə tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır. Ötən on il ərzində ölkədə "Bakı Prosesi" çərçivəsində, həmçinin, bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir.

Müxtəlif mədəniyyətlərin və qitələrin qovşağında yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb, daha qlobal səviyyəyə yüksəltməyə imkan verdi. Bu mənada, "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq, Prezident İlham Əliyevin dəstəyi ilə 2011-ci ilin aprelində Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun (World Forum for Intercultural Dialogue) keçirilməsi təşəbbüsü irəli sürüldü. "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun ölkəmizdə təşkili islam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması, ölkəmizin nüfuzunun yüksəldilməsi və beynəlxalq proseslərdə əhəmiyyətinin artmasına, eləcə də, Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına, həmçinin, ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasına xidmət edir.

Prezident İlham Əliyev xarici tərəfdaşların və tədbir iştirakçılarının müraciətləri, ölkəmizin bu sahədə davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə forumun hər iki ildə bir dəfə keçirilməsi ilə bağlı 2011-ci il mayın 27-də Fərman imzaladı. Fərmana uyğun olaraq, ölkə başçısının himayəsi və iştirakı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin mayında Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumun əsas tərəfdaşları qismində yenə də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etdilər.

Azərbaycan, həqiqətən, artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir. 2014-cü il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forum da bunun bariz nümunəsidir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Bu da, onu deməyə əsas verir ki, dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünya üçün tolerantlıq nümunəsi verir, multikulturalizmi bir həyat normasına çevirir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərir. Bu, müxtəlif mədəniyyətlərin qovuşmasının deyil, toqquşmasının arzusunda olanlar üçün unikal bir cavabdır. Həm də tək sözdə deyil, əməli işdə cavabdır. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər, multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

2015-ci il mayın 18-19-da "Bakı prosesi" çərçivəsində paytaxtımız yenidən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forumda bir daha sübut olundu ki, "Bakı prosesi" ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışlı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgəyaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəldilmiş fəaliyyətdir. Yəni "Bakı prosesi" həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur.

V Bakı Beynəlxalq Humanitar Forumu isə 2016-cı il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində keçirildi. Forumun işində dünyanın 80-ə yaxın ölkəsindən 400-dən çox nümayəndə iştirak edirdi. Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda insanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi, davamlı inkişafın əsası kimi, jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu, davamlı inkişaf və ekoloji sivilizasiya və s. mövzularda dəyirmi masalar keçirildi. V Bakı Beynəlxalq Humanitar Forumunun yekun Bəyannaməsi, xususilə, yaddaqalan və əhəmiyyətli oldu. Bəyannamədə çox sayda humanitar problemlərin, xüsusilə, təhsil və səhiyyə məsələlərinin həllinin mümkünlüyü, informasiya-kommunikasiya texnologiyalarının yayılması, "rəqəmsal fərqlər"in aradan qaldırılması, biliyə əsaslanan cəmiyyətin formalaşdırılması sahələrində qazanılmış əhəmiyyətli nailiyyətlər yüksək qiymətləndirilib. Bəyannamə sülh olmadan, davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün hesab edərək və bütün ölkələri, xalqları dünyadakı mövcud münaqişələrin ədalətli həllinə çağırır. Kəskinləşən münaqişələr, zorakı ekstremizm, terrorçuluq və bunlarla əlaqədar humanitar böhranlar və insanların məcburi yerdəyişmələri qətiyyətlə pislənilir. Gender bərabərliyi siyasətinə və həssas təbəqədən olan insanların hüquqlarının təminatına sadiqlik bəyan edilir. Bütün bu və digər məsələlərin həlli çağırışları edilib. Sərhədləri dəf edərək, yeni yolların müəyyən edilməsində hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektor arasında yeni tərəfdaşlığın vacibliyi diqqətə çəkilib.

Forumda dünyadakı sabitliyin təmin olunması, qlobal etimad mühitinin formalaşdırılması üçün zəngin bilik və təcrübələrə əsaslanan açıq müzakirələr aparıldı. V Bakı Beynəlxalq Humanitar Forum münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, multikulturalizm və inteqrasiya, davamlı inkişaf və ekoloji sivilizasiya və qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı.

Bu il oktyabrın 25-26-da Bakıda daha bir beynəlxalq tədbir VI Beynəlxalq Humanitar Forumu keçirildi. "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunda keçirilən forumda təhsil və maarif sistemlərinin təkmilləşdirilməsinə, mədəniyyətin və incəsənətin dəstəklənməsinə, informasiya təhlükəsizliyinin təminatına, intellektual mülkiyyətin müdafiəsinə və digər aktual məsələlərə dair ətraflı diskussiyalar aparıldı. Təbii ki, Bakının dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi də təsadüfi hal deyildi. Artıq altıncı dəfədir ki, Azərbaycanın paytaxtında baş tutan forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və ölkənin sivilizasiya, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin məntiqidir.

VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxladı. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan vermiş oldu. Müzakirələrdə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində çıxışında vurğuladığı kimi, forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar forumun işinə çox böyük töhfə verəcəklər: "Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir".

İslam Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına üzv olan Azərbaycan sivilizasiyalararası dialoqa öz töhfəsini verir. Ölkəmizdə tariximizə, mədəniyyətimizə, adət-ənələrimizə mədəniyyət və incəsənət nümunələrimizə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycan müasirliklə tarixiliyin vəhdətində dünyanın diqqətini cəlb edir. Bu gün ölkəmizdə müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması Azərbaycanda multikulturalizmin və tolerantlığın nümunəsidir. Bu siyasətin bu gün də dölətimizdə davam etdirildiyin qeyd edən ölkə Prezidenti İlham Əliyev Azərbaycanda bu istiqamətdə dövlət siyasətinin çox səmərəli olduğunu və gözəl nəticələrə gətirib çıxardığını vurğulayıb: "Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur".

"Bakı Prosesi"nin 10 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 17 noyabr 2017-ci il tarixli Sərəncama uyğun olaraq il ərzində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün, əlbəttə, ölkəmizdə keçirilən tədbirlərin müvəffəqiyyətlə reallaşdırılmasında "Bakı Prosesi"nin əhəmiyyətli rolu vurğulanır. Sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələr beynəlxalq miqyasda böyük rezonans doğurur. Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin, müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq, daha qlobal səviyyəyə yüksəltməyə nail olmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə