AQTA zəhərlənmələrlə bağlı məlumata aydınlıq gətirdi

AQTA zəhərlənmələrlə bağlı məlumata aydınlıq gətirdi

Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborator müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığın yaranmasına səbəb olur. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemlərin yalnış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində qeydə alınmış hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyi haqında gerçəkliyi əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayıblar.

Qida Təhlükəsizliyi Agentliyi həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdrımalara və laborator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.

Məlumat üçün bildiririk ki, dekabrın 1-də Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənmə nəticəsində vəziyyətinin pisləşməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyininə məlumat daxil olub. Bununla əlaqədar agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılıb.

Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilib.

Aqentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzində aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildikləri məlum olub. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürək bulanma, başgicəllənmə, ürəkgetmə halları müşahidə olunduğuna görə onlara intensiv oksigen terapiyası və medikamentoz müalicə təyin edilib. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarı normadan artıq olması müəyyən edilib.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə