"Ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradılır" RƏY-ÖZƏL

"Ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası üçün geniş imkanlar yaradılır" RƏY-ÖZƏL

“Əlillər də cəmiyyətimizin ayrılmaz parçasıdır. Onlar digər təbəqələrdən daha çox qayğıya, himayəyə, köməyə ehtiyacı olduğundan bu kateqoriyaya daxil olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, daha rahat, hamı kimi yaşaya bilməsi üçün durmadan addımlar atılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin əmək, sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.

Bu yaxınlarda ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı qanun layihəsinin qəbul edildiyini xatırladan komitə üzvü söyləyib ki, qanun qəbul edilərkən komitənin iclaslarına əlil cəmiyyətlərinin rəhbərləri dəvət olunaraq onların da təklif və istəkləri nəzərə alınıb: “Qanunun bir çox müddəalarında əlillərin sosial tələbləri öz əksini tapıb”.

J.Əliyeva söyləyib ki, bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud olan şəxslər üçün fərdi evlər inşa edilir: “Xüsusilə də Qarabağ müharibəsi əlilləri diqqət mərkəzindədir. Şəhərimizin küçələrində əlillərin rahat şəkildə hərəkəti üçün xüsusi yollar, cığırlar açılır ki, bütün bunlar da yeni qəbul olunan qanunla tənzimlənir. Daha sonra əlillərin şəhər nəqliyyatından istifadəsinin asanlaşdırılması istiqamətində tədbirlər görülür. Dövlət idarələri, müxtəlif müəssisələrə rahat girib çıxmaları üçün panduslar quraşdırılır ki, bütün bunlar bu kateqoriyaya daxil olanlara diqqətdən xəbər verən məsələlərdir”.

Əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərə toxunan deputat qeyd edib ki, fiziki qüsurlu şəxslərin bu fərqi hiss etməmələri, cəmiyyətdə hər kəs kimi çalışıb, təhsil alması üçün geniş imkanlar yaradılır: “ Hətta idman oyunlarında, müxtəlif beynəlxalq yarışlarda onlar nəzərə alınır. Bu gün ölkəmizdə idmana olan maraq, həvəs və qayğı əlillərdən də yan ötməyib. Paraolimpiya oyunlarının keçirilməsi və bu sahədə məşhur olan idmançılarımızın yetişməsi bu sahəyə ayrılan diqqət və əhəmiyyətin bariz göstəricisidir”.

J.Əliyeva əlavə edib ki, ümumiyyətlə, Azərbaycanda hər bir vətəndaş qayğı və diqqətlə əhatə olunur: “Ölkəmizdə insan amili əhəmiyyətli şəkildə diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan və həyata keçirilən bütün proqramlar, layihələr, tədbirlər insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir”.

Qeyd edək ki, 3 dekabr Beynəlxalq Əlillər günüdür. Ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs var ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

2018-cı il 1 oktyabr tarixinə respublikamızda olan 1 milyon 309 min nəfər pensiyaçının 30 faizi əlilliyi olan şəxslər, aylıq sosial müavinət ödənilənlərin isə 60 faizə qədəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə