Bəzən çoxumuz qidalarımızı müqayisə etmək üçün adət etdiyimiz bir cümləni təkrar edirik: “O vaxtın yeməkləri belə deyildi ha”. İstər inanın, istər inanmayın, bu həqiqətdir ki, doğrudan da əvvəlki yeməklərlə nisbətdə hazırda qidalandığımız məhsullar demək olar ki, kimyəvi maddələrdən ibarətdir.
Burada problem təkcə kimyəvi elementlərlə zəngin qida məhsullarının hazırlanmasında deyil, həm də genetik modifikasiya edilmiş, el arasında “calaq” adlandırılan qidalardır.
Bir neçə gün öncə, evimizin yaxınlığındakı tərəvəz mağazasından aldığım sarımsaqlara göz gəzdirdikdə daha fərqli görüntünün şahidi oldum: Bir dənəsi hövsan soğanından daha iri olan bu sarımsaqlar ya genetik modifikə prosesindən keçmişdi, ya genlərin hibritləşməsindən bu hala düşmüşdülər, ya da kimyəvi elementlərin təsirindən ölçü dəyişikliyinə uğramışdılar. Genetik modifikasiya olunmuş məhsulların xərçəng xəstəliyinə yol açmaqdan tutmuş doğulacaq körpələrin genetik problemlər yaşamasına səbəb olmaq kimi bir çox zərərləri təsbit edilsə də (əlbəttə qeyd etdiyimiz sadəcə istisna hal riskləridir) dünya bazarında belə məhsulların satışına qadağa qoyulmur. Əksər istehsalçıların fikrincə GMO meyvə-tərəvəzlərin davamiyyəti digər, yəni, təbii olanlara nisbətdə daha artıq olduğu üçün onların bazar şərtlərinə uyğunlaşması, bakteriya və zərərvericilərdən qorunması, uzun məsafələrin qət edildiyi hallarda xarab olması kimi çətinliklər yaşanmır. GMO məhsullarının belə riskli hallara səbəb olmadığı təqdirdə insan sağlamlığına heç bir təsiri aşkarlanmayıb. Lakin əsas etibarilə, GMO tərəvəzlərin yetişdirilməsindən dolayı dünyadakı bir çox meyvə-tərəvəz məhsullarının təbii (genetik) çeşidliliyi aradan qalxmaqdadır.
Əgər bu bitkilər əslərdir ki, təkamül prosesindən keçərək indiki hala gəlmələri faktına baxsaq, görərik ki, süni genetik dəyişikliklər belə uzunmüddətli çevrilmələrdən daha uğurlu olduğu üçün təbii mutasiyaların effektləri zamanla təsirsiz hala gələcək. Elm adamları bənzər problemləri belə şərh edirlər ki, transgenik bitkilərin yetişdiriməsi yabanı bitkilərin artımına, habelə zərərli bitkilərlə mübarizənin çətinləşməsinə səbəb olacaq. Bundan əlavə, “bioloji sürüşmə” də qaçınılmaz gələcək hesab edilir.
Bəs nə üçün GMO dünya bazarının təməl daşı kimi öz qüvvəsini qoruyub saxlamaqda davam edir?
Səbəbləri: Zaman keçdikcə mühitə daha yaxşı uyğunlaşan, daha sürətlə çoxalan və daha artıq növ fərqliliyinə sahib olan bitkilər, həmçinin heyvanlar təkamül “filtrindən” uğurla keçir və beləliklə sağ qalmaq uğrunda mübarizəni qalib başa vururlar. Bu təbii qida zəncirində insanın peyda olmasından sonra isə şərtər dəyişib. Sayı hər il daha da artan insan irqi qida çatışmazlığından əziyyət çəkir. Təkcə afrika materikində ac qalmış insan sayı milyardlarladır. Belə situasiyada bitki və heyvanların təbii çoxalma müddətlərini, sadəcə bir mühitə uyğun bioloji quruluşlarının nəzərə alınmasını qəbullanmaq yetərincə ağılasığmaz və ölümcül nəticələrə yol açır. Hava, dəniz və quru ticarətində hər gün milyonlarla məhsul müxtəlif ölkələr arasında transfer olunduğu təqdirdə, necə etmək olar ki, bitkilər aid olmadıqları ərazinin şərtlərinə daha davamlı olsunlar? Necə etmək olar ki, məsələn, il ərzində sadəcə iki dəfə bala verən hansısa məməlidən daha çox ət məhsulu alınsın? Bütün bu tip problemlərin həlli əsasən iki yolla gerçəkləşdirilir: Süni mayalanma və genetik dəyişdirilmə. Kənd yerlərində eşitməyə adət etdiyimiz “qatır” indi bütün dünyada hibritləşmənin örnəyinə çevrilib.
Genetik qohumluluğu yaxın olan heyvanların cütləşməsi mühitə daha uyğun, bəzən isə daha çox bala və süd verən mal-qaranın yetişdirilməsinə səbəb olur. Təbii ki, bu evolyusiya prosesinə təsirsiz ötüşmür. Yuxarıda qeyd etdiyimiz bioloji sürüşmə də insan müdaxiləsinin nəticəsində meydana çıxır. Beləliklə, GMO qida resurslarının təkamülündə yeni mərhələ hesab olunduğu üçün buna qarşı gəlmək dünyəvi tendensiyaya qarşı gəlməyə bərabərdir. Daha yaxş olar ki, məhsulların genetik dəyişdirilməsinə yox, zərərli GMO məhsullarınıın satışına qadağalar qoyulsun. Unutmaq olmaz ki, çoxlarımızın bəh-bəhlə yediyi banan da əvvəllər içində yüzlərlə toxum olan, dadsız və xoş olmayan görüntüyə sahib meyvə idi. Onun indiki halı insanların süni yetişdirmə metodunun nəticəsidir.
Lakin bütün dəyişiklikləri də GMO kimi müdafiəsi mümkün hallar deyil. Məsələn, qida rəngləndiriciləri kimi istifadə edilən kimyəvi maddələr, dəri tökülməsi, xərçəng, aspirinə qarşı ifrat həssaslıq, xromosom zədələnməsi (bu dəhşətdir) kimi hallara yol açır. Və indi düşünün, gün ərzində içdiyimiz çaydan yediyimiz şirniyyatlaradək nə qədər məhsulda bu tip kimyəvi elementlərdən istifadə edilir? Hətta İngiltərədə aparılmış elmi tədqiqatlar nəticəsində, uşaqlarımız üçün həvəslə aldığımız dadlı meyvə şirələrinin tərkibindəki rəngləndiricilərin onlarda hiperaktiv hərəkətlərə yol açdığı təsdiq edilib. Bununla bağlı olaraq ailələrə xəbərdarlıq belə olunub.
Bütün bunlardan əlavə, dil dostumuza çevrilmiş qida dadlandırıcıları da var ki, ağciyərdən tutmuş, qırtlaq, böyrək və mədə xərçənginə qədər bir çox xəstliklərə gətirib çıxarır.
Dadlandırıcıların əksəriyyətini sintetik olaraq istehsal edilən glisirhizin, aktilol, maltilol, sulfam, sukraloz, saxarin və aspartam kimi maddələr formalaşdırır və bir çox qidanın istehsalında istifadə edilir. Saxaroza, qlükoza, fruktoza, hidrolizə nişasta siropları və yüksək fruktozalı qarğıdalı siropları təbii dadlandırıcılardır. Dadlandırıcılar soba və tort növləri, saqqız, şirnilər, kompotlar, enerji içkiləri, dietik qida çeşidləri, sodalar, fərqli kola növlərində istifadə edilir.
Sintetik dadlandırıcılar təbii dadlandırıcılardan 30-500 dəfə daha artıq dadlandıra bilmə gücünə sahibdir və daha ucuz emal edilməkdədir. Bütün zərlərinə: allerjik reaksiyalar yaratmalarına, xərçəngə yoluxma ehtimalını artırmalarına və digər problemlərə yol açamalarına rəğmən dadlandırıcılar, rəngləndiricilər günümüzdə bəlkə qidalardan daha çox istifadə olunan sintetik məhsullar sırasındadır. Ölümümüzə imza atmağımız göz qabağındadır, hərçənd ki, dad görünür bizim üçün keyfiyyətdə daha önəmlidir. Əks halda, ümumiyyətlə, həzm olunmayan bir çox “qida”ları gündəlik rasionumuzdan çıxarar, təbii məhsullara daha çox önəm verər, beləliklə də, “hər kim yüz il yaşamasa, ügnah onun özündədir” deyimini həqiqətə çevirərdik.
Hazırda Azərbaycan respublikası da daxil olmaqla onlarla post-sovet ölkəsində kimyəvi qatqılarla zəngin qidaların satışı davam edir və insanlar da həmin məhsulları sevərək alır. Bunun günahkarının kim olmamasına baxmayaraq, gəlin, boynumuza alaq ki, heç kim başımızın üzərində silahla dayanıb bizə zərərli maddələri almağı təlqin, yaxud da məcbur etmir. O zaman nədir bu saxta yemək sevdamız? Niyə yaşamaq üçün aldığımız yeməklərdən istifadə edərək özümüzü öldürürük? Nə üçün yaşamaq adına intihar edirik? Niyə yüz il yaşamaq istəmirik?
( Ardı var)
Mirçingiz Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB