Liderlik Məktəbində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Liderlik Məktəbində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində qarşıdan gələn 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səbuhi Əliyev, Liderlik Məktəbinin üzvləri və valideynlər iştirak ediblər.

Ombudsman Aparatının əməkdaşı 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində keçrilən QİÇS-lə Mübarizə Gününün əhəmiyyəti, hər kəsin, o cümlədən İnsanın İmmunçatışmazlığı Virusuna/Qazanılmış İmmunçatışmazlığı Sindromuna (İİV/QİÇS) yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlər, Müvəkkil Elmira Süleymanovanın bu istiqamətində fəaliyyəti barədə məlumat verib.

Qeyd edilib ki, ölkəmizdə İİV/QİÇS-lə mübarizə məqsədi ilə bu infeksiyanın aşkarlanması, profilaktikası və həmin insanların müalicəsi sahəsində mütəmadi olaraq zəruri işlərin görülməsi daim diqqət mərkəzindədir. Eyni zamanda “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanuna əsasən, bu virusla yaşayan şəxslərin İİV-ə yoluxması səbəbinə görə hüquq və azadlıqlarının hər hansı formada məhdudlaşdırılmasına yol verilmir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin də həyata keçirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə zəruri addımların atıldığı, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın da məhz ölkəmizdə İİV infeksiyasının törətdiyi xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb.

Ombudsmanın təşəbbüsü ilə hər il ölkəmizdə 18 iyun - İnsan Hüquqları Günü, 21 sentyabr - Beynəlxalq Sülh Günü, 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində keçirilən tədbirlərdə bu mövzuya da xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Müvəkkilin QİÇS-in və narkomaniyanın profikatikası, xüsusilə Penitensiar Xidmətin müəssisələrində saxlanılan bu qəbildən olan şəxslər, müəssisə rəhbərliyi və şəxsi heyət üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, tibbi və bərbərxana ləvazimatların sterilliyinə diqqətin artırılması kimi məsələlərlə bağlı çoxsaylı təklif və tövsiyələri barədə tədbir iştirakçılarına məlumat verilib.

QİÇS-lə Mübarizə Mərkəzinin həkimi çıxışında İnsanın İmmunçatışmazlığı Virusunun/Qazanılmış İmmunçatışmazlığı Sindromunun (İİV/QİÇS) yaranma tarixi haqqında məlumat verib, bu xəstəliyin dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da yayılmasının hər kəsi düşündürən aktual məsələlərdən olduğunu, məhdud yollarla yayılan bu virusdan qorunma vasitələrini iştirakçıların nəzərinə çatdırıb, müasir tibb elminin İİV/QİÇS xəstəliyinin effektiv müalicəsinin dönüş yaradan bir yolunun tapılması istiqamətində axtarışlarının davam etdirildiyini bildirib.

Qeyd olunub ki, hər il 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində ölkəmizi narahat edən İİV/QİÇS, narkomaniya və digər yoluxucu xəstəliklərlə mübarizə aparılması istiqamətində Ombudsmanın Aparatı və Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən regional mərkəzləri tərəfindən QİÇS-lə Mübarizə Mərkəzi ilə əməkdaşlıqda yerlərdə silsilə treninq və seminarlar keçirilir, Müvəkkilin təşəbbüsü ilə hazırlanaraq çap edilmiş “İİV/QİÇS-dən qorunma üsulları”nı və “İİV/QİÇS-li insanların ayrı-seçkilikdən müdafiəsi”ni təbliğ edən plakatlar əyani vəsait kimi iştirakçılara paylanılır, televiziya və radio verilişlərində bu virusdan əziyyət çəkən insanların hüquqları, cəmiyyətə inteqrasiyasının təmin edilməsi, ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işi aparılır.

İştirakçılar bu tədbirin təşkilinə görə Ombudsmana təşəkkür edib, mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə