Kamal Abdullayevin 60 illik yubileyi qeyd olundu

Kamal Abdullayevin 60 illik yubileyi qeyd olundu
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir AMEA-nın Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, millət vəkilləri Fazil Mustafayev, Asim Mollazadə və başqaları iştirak edib. Onlar çıxışlarında Kamal Abdullayevin çoxşaxəli yaradıcılığına müxtəlif aspektlərdən nəzərə salıblar, onun fəaliyyətinin milli-mənəvi dəyərlərin formalaşmasında xüsusi rolu olduğunu qeyd ediblər.

Tədbirin sonunda dilçi, yazıçı, rektor kimi fəaliyyət göstərən Kamal Abdullayevin 60 illik yubileyi ilə əlaqədar olaraq AMEA-nın Rəyasət Heyəti onu fəxri fərmanla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə