Yunanıstanda jurnalistlər tətil keçirir

Yunanıstanda jurnalistlər tətil keçirir

Yunanıstan mətbuatında və kütləvi informasiya vasitələrində çalışanlar ümumxalq tətilinin bir hissəsi olaraq 24 saatlıq tətilə başlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Həmkarlar İttifaqı rəhbərliyinin qərarı ilə, bu gün saat 6.00-dan başlayaraq dövlət və özəl sektorda çalışan bütün kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimai televiziya, informasiya məsələləri üzrə Baş Katiblik və şöbələrin mətbuat xidmətlərinin əməkdaşları tətilə başlayıblar.

Jurnalistlər zorla pozulmuş bütün peşə, pensiya və peşə hüquqlarının bərpasını tələb edirlər. Artıq 24 saatdır ki, radio və televiziya xəbərləri yayımlanmır, əksər saytlar işləmir.

Tətil kəmər sıxma siyasətinə etiraz olaraq keçirilir.

Media işçiləri kollektiv əmək müqavilələrini, hər kəsə bərabər hüquq, layiqli əmək haqqı, pensiya, dövlət təminatı, sosial təminat, pulsuz səhiyyə xidməti, 2019-cu ilin büdcəsi layihəsinə dərhal dəyişikliklər, əsas və əlavə pensiyaların qanunsuz azaldılmasının dərhal ödənilməsi, eləcə də bayram imtiyazları tələb edirlər.

Media işçiləri həm də mətbuat azadlığını tələb edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə