“YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması” mövzusunda elmi simpozium keçirilib-TƏDBİR

“YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması” mövzusunda elmi simpozium keçirilib-TƏDBİR
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması" mövzusunda elmi simpozium keçirilib. SİA-nın xəbərinə görə, İnsan Hüquqları İnstitutu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq şəbəkəsinin baş ofisi ilə birgə təşkil olunan tədbirdə baş ofisin rəhbəri, professor Amnon Karmi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Milli Məclisin deputatları və alimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycanın YUNİSEF-lə olan əlaqələrindən ətraflı söhbət açıb. Maddi və qeyri-maddi sərvətlərin qorunmasında YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirən M.Kərimov qeyd edib ki, bu əlaqələr getdikcə daha da genişlənir. O qeyd edib ki, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində bu əməkdaşlıq ildən-ilə çox yüksək səviyyədə inkişaf edir. Bu simpoziumu yüksək qiymətləndirən akademik qeyd edib ki, məhz təhsil və maarifçilik vasitəsilə insanın həyat fəaliyyətində etik-hüquqi normalara əməl edən bilən və onları qoruyan müxtəlif sahələr üzrə yeni mütəxəssislər nəsli yetişdirmək mümkündür: "Azərbaycanın müasir dünya birliyinə təkcə siyasi və ictimai deyil, həm də elmi inteqrasiyası çox vacibdir. Son onilliklərdə müşahidə olunan on yeni texnologiyaların və yeni elmi istiqamətlərin sürətli inkişafı elm aləmi və bütövlükdə bəşəriyyət qarşısında yeni etik-hüquqi tələblər qoyub".

Tədbirin davamında çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Azərbaycanda Bioetika və Tibbi hüququn inkişafının mühümlüyünün cəmiyyətdə demokratik prinsiplərin inkişaf səviyyəsinin göstəricisi olduğunu söyləyib. O bildirib ki, konfransın bu günə, yəni cənab prezident İlham Əliyevin doğum gününə təsadüf etməsi təsadüfü deyil. Onun sözlərinə görə, dövlət başçısı hər zaman elmin inkişafına, yeni elm istiqamətlərinin Azərbaycanda bərqərar olmasına və inkişaf etdirilməsinə çox böyük diqqət və qayğı göstərir.

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə sosial problemlərin həllinin növbəti illərdə də prioritet istiqamət sayılması əsas insan hüquqlarının sağlamlıq hüququ, tibbdə və cəmiyyətdə müdafiə edilmək hüququnun da daxil olduğu sosial hüquqların təminatı məsələlərinin inkişafının məqsədəuyğunluğunu və vacibliyini bir daha sübut edir. Bu hüquqların hüquqi və etik əsasını cəmiyyətə "Bioetika" və "Tibbi hüquq" çatdırmalıdır. Bu elmi istiqamətlərin tədqiq etdiyi problemlər pasiyentlərin hüquqları, fiziki imkanları məhdud olan şəxslərin hüquqları, məlumatlandırılmış razılıq hüququ, rüşeym hüququ, süni mayalandırma, həkimin öz səhvinə görə məsuliyyəti və bir çox digər məsələlərdir", - deyə o əlavə edib.

YUNESKO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq şəbəkəsinin baş ofisinin rəhbəri Amnon Karmi öz çıxışında cəmiyyətdə hüquqi və etik normaları təmin etməyə yönəldilmiş demokratik prinsiplərin inkişafı üçün Azərbaycanda bu elmi istiqamətlərin tədrisinin və inkişafının mühümlüyünü qeyd edib. O, elmin on yeni nailiyyətlərinin insan həyatına tətbiq edilməsi məsələsində hüquqi və etik aspektlər, səhiyyə sistemində insan hüquqlarının müdafiəsi, vətəndaşların, eləcə də mütəxəssislərin, tibbi işçilərinin və hüquqşünasların hüquqi-etik tərbiyəsi, bioetika və tibbi hüquq üzrə fənnlərin təhsil proqramına daxil edilməsi məsələlərinə toxunub.

Tədbirin davamında AMEA-nın İnsan Hüquqları İnstitutunun bazasında təsis edilən YUNESKO-nun Bioetika üzrə Kafedralarının beynəlxalq şəbəkəsinin Azərbaycan bürosunun rəhbəri, professor Vüqar Məmmədov il ərzində institutla birgə görülən işlərdən danışıb. Daha sonra YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək iştirakçıları Bioetika üzrə YUNESKO proqramının məzmunu ilə tanış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə