Niyə məhz “Black Friday”? ŞƏRH

“Qara cümə” ( “Black Friday”) anlayışının dilimizdə ekvivalenti olmaması məni yetərincə üzən səbəblərdən biridir. Sırf həmin səbəbdən dolayı araşdırma aparmağı qərara aldım və üz tutdum xarici media vasitələrinə: saytlara, qəzetlərə, kitablara və digər mənbələrə.

İlk növbədə gəlin görək nədir bu qara cümə? Niyə islam dünyasında bir çox xalqlar, millətlər tərəfindən bəyənilməyən qara cümə dünya ölkələrində yetərincə məşhur və sevindirici gün kimi qeyd olunur?

Deməli, ABŞ-da yaradıldığı bildirilən bu “canfəşanlıq” gününün mahiyyəti məşhur brendlərdən tutmuş sadə alış-veriş mərkəzlərinə kimi bir çox kapitalist əjdahalarının az qalsın, marketləri boş qoyacaq qədər ucuz qiymətə satışa başlamasıdır. Məsələn, dükanlarda gördüyünüz məşhur markalı və çox bahalı ayaqqabı “qaralmış” cümə günü düşünə bilməyəcəyiniz dərəcədə ucuz satılır. Bu, elə bir gündür ki, 1000 manatlıq məhsulun dəyəri 100 manata düşə bilər. Bir çox analitiklərin fikrincə, belə günləri təşkil etməkdə məqsəd həm brendləri daha çox tanıtmaq, həm müştəri axınına səbəb olmaq, həm maddi sıxıntıdan əziyyət çəkən insanlara az da olsa yardım etmək və həm də qazanc əldə etməkdir. "Necə yəni? Axı bu gün satılan məhsullar inanılmaz dərəcədə ucuz başa gəlir, bəs necə olur ki, həmin gün qazanc daha çox olur?".

Deyənləri görmüş kimi oldum. Elədir, məhsullar ucuz qiymətə satıla bilər, ancaq bu, az qazanc üçün səbəb deyil. Çünki satışdakı istənilən məhsulun öncəki alış dəyəri çox vaxt istehsal ediləcəyi vaxtdakından aşağı dəyərə sahib olur.

Beləliklə, sizin endirimdə olduğunu düşünərək aldığınız 100 AZN-lik məhsulun maya dəyəri 50 AZN-dən daha ucuz da ola bilər və siz çox yəqin ki, bu qiymətdən xəbərsiz qalacaqsınız. İndi, necə demək olar ki, qara cümə kapitalistlərin qara gününü, onların ixrac etdikləri məhsulları çox aşağı dəyərlə satdıqları üçün şirkətlərinə dəyən zərəri əks etdirir?

Məsələn, araşdırsanız, bu günün ideyasının ilk dəfə ABŞ-da 1932-ci ilin Milad bayramı ərəfəsində ortaya atıldığını öyrənə bilərsiniz. Hətta bəzi mənbələrə əsasən deyə bilərik ki, bu günlərdə satış tendensiyasının artım səbəbi ilə adamlardan ibarət tıxaclarda onlarla, bəzən isə yüzlərlə şəxs ayaq altından əzilir, şikəst olur, hətta həyatını itirir. Belə çıxır ki, Qara cüməni yasa çevirən hadisə "insanların ucuz maldan ötrü bahalı canlarından keçməsi”dir. O zaman, dilimizə çevrilməsində problem yaşadığımız "Black Friday"ın bir neçə mənası ortaya çıxır; Ölümcül bazar və ya cümə canfəşanlığı.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə