“Narkomaniya - əsrin ən dəhşətli bəlalarından biri kimi"

“Narkomaniya - əsrin ən dəhşətli bəlalarından biri kimi"

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Cəlilabad Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, habelə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə həmin rayon Dövlət Rəsm Qalareyasında “Narkomaniya - bəşəriyyətin dəhşətli bəlalarından biri kimi” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət qurumlarının məsul əməkdaşları, yerli sakinlər, fəal gənclər və yeniyetmələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov iştirakçıları salamlayaraq narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini bildirib.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elnarə Həsənova öz çıxışında qeyd edib ki, narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq.
Tədbirdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov vurğulayıb ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitar-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ təsbit edilib. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində göstərilir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi, habelə gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi üzrə müddəaların əks olunduğu barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda sağlamlığın qorunmasının əsas prinsipləri müəyyən edilir. Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi bu prinsiplərə aiddir.

Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın çoxşaxəli fəaliyyətində narkomaniyaya qarşı mübarizə, HİV virusuna yoluxmuş və QİÇS-dən əziyyət çəkən xəstələrin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinə geniş yer verildiyi haqqında ətraflı məlumat verilib. Ombudsman tərəfindən narkomaniya ilə mübarizə sahəsində müsbət dəyişikliyə töhfə verəcək təkliflərin irəli sürüldüyü iştirakçıların nəzərinə çatdırılıb.

Z.İsmayılov bildirib ki, ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni və müasir standartlara cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, bu sahədə maarifləndirmə işinin aparılması, səhiyyə aylığının keçirilməsi, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən çəkinmək və xilas olmaq, HİV/AİDS və Narkomaniya kimi bəşəriyyətin bəlasına çevrilmiş xəstəliklərə qarşı mübarizə tədbirləri əhalinin sağlamlının qorunması hüququnun təmin edilməsinin əsas komponentləırindən sayılır.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesin təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Tədbir interaktiv müzakirələr şəraitində davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə