Xaraba Gilan arxeoloji ekspedisiyasının yekununa həsr olunan tədbir keçirilib
AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının Ordubad rayon ərazisində apardığı arxeoloji tədqiqatların yekununa həsr olunan tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublika ərazisində təşkil olunan beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyaların səmərəli fəaliyyətindən danışıb. Akademik bu il doğma diyarın müxtəlif yerlərində uğurlu tədqiqat işlərinin aparıldığını bildirərək qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərliyi ilə Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası tədqiqatlarını yekunlaşdırıb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli çıxış edərək Aza orta əsr şəhər yeri və Bal dərəsində aparılan arxeoloji tədqiqatlardan, eyni zamanda Aza orta əsr qəbiristanlığında dağıdılan qəbirüstü daş sənduqələrin qorunması üçün görülən konservasiya-xilasetmə işindən söz açıb.
Arxeoloq alim çox hissəsi müasir tikililərin altında qalmış, təsərrüfat işləri zamanı dağıdılmış orta əsr şəhərinin arxeoloji tədqiqinin mühüm nəticələrini xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı əldə olunan tapıntılar şəhərin mövcud olduğu dövrü dəqiqliklə müəyyən etməyə imkan verir. Arxeoloji tədqiqatlar tarixi mənbələrin məlumatlarını təsdiq etməklə bərabər şəhərin iqtisadi, mədəni və ticarət əlaqələri haqqında yeni faktlar da üzə çıxarır.
Ekspedisiya rəhbəri Gilan çayının sol sahilində, Baş Dizə və Qoşa dizə kəndləri arasında yerləşən Bal dərəsi adlanan yerdə iki kürədə aparılan arxeoloji qazıntılardan da bəhs edib. Bildirib ki, orta əsr şəhərinin möhtəşəm tikililəri, memorial abidələri məhz gəc məhlulu, daş və bişmiş kərpiclə işlənilib.
Bəhlul İbrahimli ərazidən qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrini videogörüntü vasitəsilə tədbir iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, ərazidən tapılan maddi-mədəniyyət nümunələrini bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyinə təqdim edib.
Daha sonra arxeoloji ekspedisiyanın rəhbəri tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.
Tədbirdə çıxış edən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Ordubad rayon ərazisində aparılan qazıntı işlərinin nəticələrini yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB