Elman Məmmədov: “Ombudsman özünə vəzifə borcu biləcək ki, jurnalistlərin hüquqlarının qorunması üçün əlindən gələni etsin”

Elman Məmmədov: “Ombudsman özünə vəzifə borcu biləcək ki, jurnalistlərin hüquqlarının qorunması üçün əlindən gələni etsin”

"İnformasiya üzrə Ombudsman səlahiyyətlərinin Azərbaycan Ombudsmanına verilməsi onun fəaliyyət sahəsinin daha da genişlənməsinə səbəb olub". SİA-ya açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov informasiya üzrə Ombudsman səlahiyyətlərin Azərbaycan Ombudsmanına verilməsi ilə bağlı mətbuatada səslənən birmənalı olmayan fikirlərə münasibət bildirərkən deyib: "Bundan sonra Ombudsman özünə vəzifə borcu biləcək ki, jurnalistlərin hüquqlarının qorunması üçün də əlindən gələni etsin. Bu məsələ indiyə kimi var idi, sadəcə olaraq bundan sonra informasiya üzrə səlahiyyətlər rəsmi qaydada Ombudsmana verilir. Ombudsman indiyə kimi deyə bilərdi ki, bu sahədə fəaliyyət göstərmək də olardı, fəaliyyət göstərməmək də. Yəni, mənin sahəm deyil, deyə bilərdi. Amma indi bu məsələ qanuniləşdirilir".

Millət vəkili Milli Məclisin son iclasında yeni "Siyasi partiyalar haqqında" qanuna ehtiyac olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. E.Məmmədov hesab edir ki, dövlətin qanunlarına əməl edən, dövlətçiliyə xidmət edən hər bir partiyanın tutduğu siyasi xətdən asılı olmayaraq dövlət büdcəsindən maliyyələşməsi məqsədəuyğundur: "İstəməzdim ki, partiyalar arasında hansısa ayrı-seçkilik edək. Hesab etmirəm ki, parlamentdən kənarda qalan siyasi partiya kənara qoyulmalıdır. Ola bilər ki, müəyyən səbəblərlərə görə, partiyanın təmsilçiləri parlamentdə təmsil olunmur, amma bu dövlətin siyasətində rolu varsa, niyə həmin partiya dövlət büdcəsindən maliyyələşməsin"?

E.Məmmədovun fikrincə, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi onların həm də xarici mənbələrdən asılılığını azaldacaq, ya da aradan qaldıracaq: "Hər hansı bir partiyanın xariclə əlaqələri varsa, dövlət tərəfindən bu əlaqələr nəzarətə götürülməlidir. Bilməliyik ki, partiyanı maliyyələşdirən xarici təşkilatın mövqeyi necədir və o hansı şərtlər maliyyə ayırır, onun marağı nədən ibarətdir, həmin təşkilatın verdiyi maliyyə ilə siyasi partiya necə fəaliyyət göstərir? Müvafiq orqanlar xarici maliyyənin mənbəyini axtarmalıdırlar. Bilmək lazımdır ki, bu partiyaları hansı istiqamətə yönəlmək istəyirlər?"

Bütün xəbərlər Facebook səhifəmizdə