Hicran Hüseynova Milli Məclisə seçilən qadın millət vəkilləri ilə görüş keçirib

Hicran Hüseynova Milli Məclisə seçilən qadın millət vəkilləri ilə görüş keçirib
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) IV çağırış Milli Məclisə seçilən deputat qadınlarla görüş keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Jalə Əliyeva, Məlahət İbrahimqızı və yeni seçilən qadın millət vəkilləri iştirak ediblər. Tədbirdə çıxış edən AQUPDK sədri Hicran Hüseynova ilk növbədə qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik edib.

Çıxışı zamanı komitə sədri Milli Məclisə seçilən qadınların qarşıdakı fəaliyyətlərində uğurlar arzu edib. Qadın millət vəkillərinə komitə adından çiçəklər hədiyyə edilib. Tədbirin davamında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən tədbirlər planına əsasən komitə tərəfindən aparılan "Müasir Azərbaycanda ailə və nigah institutu: sosioloji təhlil"ə dair hazırlanan analitik hesabatın təqdimatı keçirilib.

Təqdimat zamanı çıxış edən komitə sədri söyləyib ki, təhlilin əsas məqsədi ölkəmizdə ailə-nigah münasibətləri sahəsində real vəziyyət, tendensiyalar və problemlər barədə hərtərəfli və əsaslandırılan sosioloji informasiyaların alınması olub. Onun sözlərinə görə, bununla əlaqədar olaraq eyni adlı analitik hesabat ailə sahəsində müasir vəziyyəti qiymətləndirmək və məsələnin ən optimal həlli yollarını təyin edir. O vurğulayıb ki, həmin tədqiqat gələcəkdə Azərbaycanda ailə siyasəti konsepsiyasının yaradılması və inkişafı üçün ilkin çıxış materialı ola bilər.

Tədbirin davamında komitənin informasiya sektorunun müdiri Aynur Kərimova təhlillə bağlı geniş şəkildə çıxış edib.

Qeyd edək ki, tədbirdə həmçinin komitə tərəfindən çap olunan " Ailə,Qadın Uşaq" jurnalının 6-cı sayı da təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə