Uşaqların ailələrə verilməsi istiqamətində “2010-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib - TƏDBİR

Uşaqların ailələrə verilməsi istiqamətində “2010-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib - TƏDBİR
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "2010-cu ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda təhsil naziri Misir Mərdanov, YUNİCEF-in Azərbaycandakı nümayəndəsinin rəhbəri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, Türkiyə Respublikasının Sosial Xidmətlər və Uşaq Müdafiəsi Müdirliyinin, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Xidmətlər Müdirliyinin və Gürcüstan Respublikası Əmək, Səhiyyə və Sosial Problemlər Nazirliyinin Sosial Xidmətlər Agentliyinin rəhbər şəxsləri və sosial xidmətlər üzrə YUNİCEF-in beynəlxalq ekspertləri iştirak ediblər.

Tədbirdə Dövlət Proqramı çərçivəsində cari ilin yekunları və 2011-cu ildə görüləcək işlər barədə məlumat verilib. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-ins-titusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" və "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" pilot layihələri həyata keçirilməkdədir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİCEF tərəfındən "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" layihəsinin icrası ilə bağlı imzalanmış anlaşma memorandumu ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilib. M.Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi tərəfındən hər rayon üzrə işə cəlb edilmiş 3 əməkdaş pilot seçilmiş Xəzər və Suraxanı rayonlarında layihənin icrası ilə bağlı vəzifələri yerinə yetirərək nəzərdə tutulan tədbirləri digər yerli qurumlarla əlaqələndirirlər.

"Layihə çərçivəsində uşaqların müəssisələrə düşməsinin qarşısı alınır, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər təşkil edilir. Layihənin uğurla başa çatması nəticəsində uşaqlar üçün etibarlı müdafıə sistemi qurulacaq, övladlığa, qəyyumluğa və himayədarlığa veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankı yaradılacaq. Qarşıda duran əsas vəzifələrdən biri də ailə və uşaqlarla işləyən sosial işçilərin hazırlanmasıdır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial işçilərin hazırlanması üçün 2010-2011-ci tədris ilindən başlayaraq 9 aylıq kurslar təşkil olunub. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışan kadrlar içərisindən 16 nəfər həmin kurslara cəlb edilib", - deyə o əlavə edib.

Təhsil naziri qeyd edib ki, hazırda respublikamızda mövcud olan 46 dövlət uşaq müəssisələrində ümumilikdə 9874 nəfər uşaq təlim-tərbiyə alır. Onun sözlərinə görə, Təhsil Nazirliyinin tabeliyində olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 internat məktəbində 2592 nəfər təlim-tərbiyə olunur: "Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində olan əqli geriliyi ağır formada olan 2 internat evində 284 nəfər sağlamlıq imkanları məhdud uşaq yaşayır. Səhiyyə Nazirliyinin tabeliyində olan 2 körpələr evində 46 nəfər tipik uşaq, psixo-nevroloji uşaq evində isə 91 sağlamlıq imkanları məhdud uşaq qalır. Dövlət uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi məşğul olur".

M.Mərdanov vurğulayıb ki, bu istiqamətdə görülən işlər nəticəsində uşaq evlərinin sayı, bu evlərə gələn uşaqların sayı azalıb, həmçinin uşaqların öz bioloji ailələrinə verilməsi istiqamətində çox ciddi addımlar atılıb. O bildirib ki, uşaqların uşaq evlərinə düşməsinin qarşısını alamq məqsədilə Bakıda və bir neçə rayonda Günərzi Qayğı Mərkəzi yaradılıb: "Bu istiqamətdə işlər davam edir, ancaq arxayınlaşmağa ehtiyac yoxdur. Gələcəkdə daha ciddi olaraq bu işləri davam etdirəcəyik".

Tədbirin davamında çıxış edən YUNİCEF-in Azərbaycandakı nümayəndəsinin sədri Mark Herevard, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva və başqaları Dövlət Proqramı çərçivəsində görülən işləri və əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Konfransın sonunda qonaqların de-institusionalizasiya prosesi və uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı təqdimatlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə