Təhsil naziri: “Uşaq evlərini bitirən kimsəsiz gənclər üçün evlər tikiləcək”-Açıqlama

Təhsil naziri: “Uşaq evlərini bitirən kimsəsiz gənclər üçün evlər tikiləcək”-Açıqlama
"Uşaq evlərini bitirən gənclərin evlərlə təmin olunması və cəmiyyətə inteqrasiyası ilə bağlı iş aparırıq və gələcəkdə də aparacağıq. Artıq müəyyən evlər tikilir və uşaqlar bu məktəbləri bitirəndən sonra o evlərdə yaşamaq imkanları qazanacaqlar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, həmin uşaqlar həmçinin peşə məktəblərində təhsillərini davam etdirmək imkanları qazanacaqlar və çox güman ki, gələcəkdə başqa imkanların da tətbiq olunmasını araşdırılacaq.

Nazir qeyd edib ki, burada ən çətin məsələ heç bir kimsəsi olmayan 590 uşaqla bağlıdır: "Ona görə də biz onları proqram həyata keçirmək istiqamətində foster ailələrə verməliyik. Artıq belə bir nümunələr Bakıda və Gəncədəki "Sos" uşaq kəndlərində var və bu təcrübədən istifadə edərək anaların və uşaqların seçimini etmişik. Onların müvafiq hazırlığına malik olmalarını təmin edəndən sonra kiçik evlər tikərək proqram çərçivəsində uşaqları orada yerləşdirəcəyik. Hələlik bu prosesə Bakının Xəzər və Suraxanı rayonundan başlayacağıq. Çünki bizim əsas uşaq evləri və internat məktəbləri bu rayonlardadır. Sonra isə başqa rayonlarda bu işləri həyata keçirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə