Aydın Mirzəzadə: “Heç bir vaxt ABŞ-da bu cür qətnamələr qəbul edilməyəcək və istənilən cəhdlərin cavabı veriləcək” - MÜSAHİBƏ
Millət vəkili Aydın Mirzəzadənin SİA-ya müsahibəsi
- Ötən gün Milli Məclisin iclasında "Siyasi Partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar fikir səsləndi. Necə düşünürsüz, həqiqətən buna ehtiyac varmı?
- Mən bu fikirlə razıyam. Azərbaycanda həqiqətən də "Siyasi Partiyalar haqqında" qanunun yenidən qəbuluna böyük ehtiyac var. Belə bir qanun 1992-ci ilin iyununda qəbul edilib. Bu qanun əsasən həmin dövrün tələblərinə cavab verirdi. Bu heç də həmin dövrdə hakimiyyətdə olanların zəhməti sayəsində deyildi. Dövrün tələbi belə bir qanun qəbulunu vacib edirdi. Artıq ötən 18 il ərzində Azərbaycanda siyasi sistemin formalaşmasında, siyasi partiya təsisatlarında çox ciddi dəyişiklik baş verib, tələblər artıb. Partiyalar artıq siyasi həyatın vacib hissəsi kimi ciddi rol oynamağa başlayıblar. Onların təsis edilməsində, həm fəaliyyətində, həm də cəmiyyət qarşısında məsuliyyətində yeni tərəflər, faktorlar ortaya çıxıb. Bütün bunların yeni qanunda əks edilməsinə böyük ehtiyac var. Belə bir təşəbbüs olarsa biz də öz təkliflərimizi verəcəyik.
- Qanuna dəyişiklik olarsa layihə ilə bağlı hansısa təklifləriniz varmı?
- Təklifim ondan ibarət olar ki, siyasi partiyalar 10 ildən bir yenidən qeydiyyatdan keçsinlər. Azərbaycanda bu gün qeydiyyatdan keçən 51 partiya var. Amma faktiki olaraq real həyatda 10-dan çoxu iştirak etmir. Hər bir siyasi partiya 10 ildən bir yenidən hesabat verərək qeydiyyatdan keçməlidir. Eyni zamanda partiya 10 il ərzində ümummilli seçkilərdə iştirak etməyibsə, mənə elə gəlir ki, elə partiyaların mövcudluğuna ehtiyac yoxdur. İkinci təklif isə patiyaların maliyyə hesabatının şəffaf və cəmiyyət üçün açıq olmasıdır. Azərbaycanda cəmi bir neçə partiya illik maliyyə hesabatı verir. Ancaq bəzən parlamentdə təmsil olunan elə partiyalar var ki, onlar da illik hesabatını vermir. Bir qayda olaraq onlar bunu imkansızlıqla əlaqələndirilər. Ancaq böyük qərargahları, xarici səfərləri nədən maliyyələşir? Bu kifayət qədər şübhə doğurur. Digər bir təklifim isə siyasi partiyaların seçkilərdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən maliyyələşməsi olardı. Burada həm parlament, həm bələdiyyə, həm də prezident seçkilərində qazandıqları səs nisbətinə görə partiyalar növbəti beş il üçün dövlət tərəfindən maliyyə yardımı ala bilərdilər.
- Avropa Birliyi Dağlıq Qarabağla bağlı qətnamə qəbul etsə də bir neçə gün bundan qabaq Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Tomaş Parabe işğal olunmuş ərazilərdə olub. Necə düşünürsüz, beynəlxalq təşkilatların ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər etmələri nə dərəcədə düzgündür? Bunun qarşısının alınması ilə əlaqədar hər hansı bir qanun layihəsi hazırlana bilərmi?
- Tomaş Parabe heç də hesab etməsin ki, çox əhəmiyyətli bir fiqurdur. Burada əsas söhbət prinsipdən gedir. Əsas məsələ hər hansı bir şəxsin Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmasıdır. Bu məsələ Ermənistan tərəfindən işğal olunan torpaqlara və ya Azərbaycanın hər hansı bir digər ərazisinə qonşu dövlətlər tərəfindən daxil olan istənilən səlahiyyətli şəxsə də aiddir. Belə insanlara Azərbaycanın reaksiyası çox kəskin olacaq. Azərbaycan xarici işlər naziri bununla bağlı dövlət tərəfindən etirazını bildirildi. T.Parabe qara siyahıya salınaraq onun Azərbaycan ərazisinə gəlməyi birmənalı olaraq qadağan edildi. Bunun özü onu göstərir ki, Azərbaycan dövləti bütün səviyyələrdə öz hüquqlarını qorumaq istəyindədir. Onun nümunəsində hər bir xarici ölkə vətəndaşı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan onun işğal edilən və ya edilməyən ərazisinə qanunsuz yanaşan adama qarşı bu cür reaksiya göstəriləcək. O ki, qaldı, bu məsələnin qanunla tənzimlənməsi məsələsinə, mən hesab edirəm ki, Azərbaycanın Konstitusiyası və bütün qanunvericiliyimiz həmin məsələnin həllinə yönələn qanundur. Ayrı qanunun qəbulu isə müzakirə edilməli mövzudur. Mənim mövqeyim bundan ibarətdir ki, mövcud Konstitusiya və qanunlar bu problemə dair hər variantları ortaya qoya bilir.
- Son günlər əsas məsələlərdən biri uydurna erməni soyqırımının ABŞ Konqresində yenidən gündəmə gəlməsidir. Sizcə, bu Türkiyəyə təzyiq mexanizmi deyilmi?
- Çox təəssüf ki, ABŞ-da müəyyən dairələr daim Türkiyəni siyasi təzyiq altında saxlamağa çalışırlar. Bunu gah uydurma erməni soyqırımnın gündəliyə çıxarılması, gah da hanısısa şübhəli bir saytda Türkiyəyə dair şübhəli materialların çap edilməsi ilə həyata keçirilər. Bu baxımdanda onlar Türkiyəni və Türkiyə ilə dost olan ölkələri psixoloji təzyiq göstərməyə çalışırlar. Ancaq bir şeyi bilmək lazımdır ki, onların cəhdləri heç vaxt qələbə çalmayacaq. Növbəti dəfə Konqresin Nümayəndələr Palatasının spikerinin uydurma soyqırımın gündəliyə salınması və müzakirəyə qoyulması cəhdlərinə baxmayaraq ABŞ Administrasiyası bunun nə qədər ağır nəticə verəcəyinin fərqindədir. Ona görə bu məsələdə çox ehtiyatlı və mən deyərdim uzaqgörən bir mövqe tutub. Heç bir vaxt ABŞ-da bu cür qətnamələr qəbul edilməyəcək və istənilən cəhdlərin cavabı veriləcək.
- Azərbaycanla Ermənistan arasında "xalq diplomatiyası"nın yaranması mümkündürmü?
- "Xalq diplomatiyası"ndan əvvəl bir dövlət diplomatiyası hər zaman öndə olmalıdır. Əgər Ermənistan Azərbaycan torpaqlarının işğalını etiraf edirsə və onu qaytarmaq istəmirsə bu zaman dövlətin qüvvəsi ortada olur. "Xalq diplomatiyası" o vaxt mövcud ola bilər ki, hər iki tərəfdə məsələnin həllini arzu edən qüvvələr olsun. Bu gün Ermənistan tərəfindən biz onu görmürük. Bu gün Ermənistan hökumətində işğalçılıq siyasətini istəyənlər bu məsələdə obyektiv mövqe tutan qüvvələrin çağırışlarını eşitmirlər. "Xalq diplomatiyası" adı ilə Azərbaycan cəmiyyəti ilə əlaqə saxlamaq istəyənlər açıq şəkildə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələrdir. Azərbaycan tərəfdən bu cəhdlər olarsa, o zaman Ermənistan tərəfi hansı məsələni müzakirə edəcək?
- "Xalq diplomatiyası"nın Dağlıq Qarabağ münaqişənin həllinə təsiri ola bilərmi?
- Əgər Ermənistan tərəfdən məsələyə obyektiv yanaşan qüvvələr olarsa, əlbəttə ki, müəyyən qədər münaqişənin həllinə təsir etmək mümkün ola bilər. Amma hələ ki, bu Ermənistan tərəfindən görünmür. Yalnız razılıq əldə olunandan sonra tək "xalq diplomatiyası" deyil, dövlətlərarası münasibətlər də yaxşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB