Yusif Şeyxov: “Kino əvvəlki əhəmiyyətini demək olar ki, bir qədər itirib” - MÜSAHİBƏ
Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun SİA-ya müsahibəsi:
- Yusif müəllim, artıq 2010-cu il başa çatır. Film sahəsi ilə əlaqədar Nazirlik tərəfindən hansı işlər həyata keçirilib?
- Bu il dövlət sifarişi ilə həm bədii, həm də sənədli filmlər çəkilib. Çəkilişləri başa çatan filmlərdən "Əlavə təsir", "Tərsinə çevrilmiş dünya", "Vəkil əhvalatı", "İlahi məxluq"u misal göstərmək olar. Bu filmlərin nümayişi gələn ilə nəzərdə tutulub. Bununla yanaşı, bu yaxınlarda uşaq animasiyası və musiqili nağıl filmi "Onun ürəyi"nin çəkilişləri başa çatıb. Bu janr unudulmuş bir janr idi. Artıq bu janrda da film çəkilib. Həmin filmin rejissoru isə Samir Kərimovdur. Hazırda "Qisas almadan ölmə", "Ondan yaxşı qardaş yox idi", "Dolu" filmlərinin istehsalı üzərində də işlər gedir.
- Son zamanlar teleməkanlarda Azərbaycan cizgi filmlərinə az rast gəlinir. Bu istiqamətdə nə kimi yeniliklər var?
- Bədii və sənədli filmlərlə yanaşı cizgi filmləri də çəkilir ki, bunlar "Avraam" film studiyasında çəkilən "Tırtıl" və "İt sərgisi" bu il çəkilib başa çatdırılıb. Hazırda da bir neçə film üzərində son tamamlanma işləri gedir. Mozalan film studiyası isə artıq 2 yeni buraxılışını çəkib qurtarıb.
- Ötən ilə nisbətən cari ildə nazirlik tərəfindən çəkilən filmlərin sayında artım varmı?
- İldən ilə çəkilən filmlərin sayı artır. Bu il "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində 3 layihə qalib gəlib. "Debut" kinostudiyasında 2 qısa metrajlı bədii film çəkilib. Bu il həmçinin bədii filmlərdən "Sahə", "Ölüm növbəsi", "Kabusun gözüylə", "Kuklalar", "İstanbul reysi"nin premyerası uğurla həyata keçirilib.
- Dövlət büdcəsindən film sahəsinə ayrılan vəsait ölkəmizdə kinonun və ya filmin inkişaf etməsinə yetərlidirmi?
- Dövlət büdcəsindən ayrılan vəsait filmlərimizin çəkilişlərinə kifayət edir. Biz Dövlət büdcəsindən ayrılan vəsaitlərlə çəkilən filmlərdə əsasən cavanların əməyindən istifadə edirik ki, istedadlar üzə çıxsın. Onlar bunu ona görə edirlər ki, qısa metrajlı filmləri çəkibdə, sonra iri həcmli filmləri çəkməyi bacarsınlar.
- O zamanki filmlərlə müqyisədə indiki filmlər gənclər tərəfindən demək olar ki tanınmır, buna səbəb nədir?
- Əgər siz 30-cu illərdə olan vəziyyəti indiki vaxtla müqayisə etmək istəyirsinizsə o zaman hamı 1 televiziya kanalına baxırdılar. Ancaq indi hər şey tamam başqadır. İndi yüzlərlə televiziya kanalında filmlərə baxmaq imkanı var. Bu filmlər də istər xarici, istər türk, istərsə də rus filmləri olsun. Hələ mən serialları heç demirəm. İzləyicilərin kinoya olan marağını həll etmək problemi yoxdur. Azərbaycan filmləri dəryanın içərisində balaca bir hissədən ibarətdir. Ancaq bu o demək deyil ki, biz öz filmlərimizə baxmamalıyıq. Əlbəttə ki, bütün yerli filmlərimizi nümayiş etdirməliyik. Televiziya kanalları da imkanları qədər Azərbaycan filmlərinə yer ayırırlar. Onlar bütün efir vaxtlarının yerli filmlərimizə də ayıra bilməzlərki?
- Bütün bu problemləri kanalların çoxluğu ilə bağlayaq?
- Əvvəllər demək olar ki, mədəniyyətə olan marağı ancaq kino vasitəsi ilə insan ödəyə bilirdi, çünki indiki kimi çoxlu kütləvi informasiya vasitələri yox idi. Hazırda televiziya kanallarında filmlərdən başqa çoxlu şou proqramları var. İnternet kimi güclü mədəni və informasiya təlabatını ödəmək üçün potensial tamaşaçının marağını özünə cəlb edən vasitə yoxdur. Bu səbəbdən də kino əvvəlki əhəmiyyətini demək olar ki, bir qədər itirib. Lakin bütün bu olanlarla bərabər hazırda Azərbaycanın kino sektoru inkişaf edir.
- Bəlkə də cavanlarımızın Azərbaycan filmlərinə bu qədər az marağının olması kinotetrlarımızın azlığı ilə əlaqədardır?
- Hazırda demək olar ki, Cəfər Cabbarlı adına Azərbaycan kinoteatrından başqa kinoteatr yoxdur. Digər kinoteatrların bəziləri təmirə bağlanıb, digərləri ümumiyyətlə fəaliyyət göstərmir. Misal olaraq hazırda Nizami kinoteatrı əsaslı təmir olunur. Onu da qeyd edim ki, gələn ilin yayında Nizami kinoteatrının istismara verilməsi nəzərdə tutulur.
- Dövlət tərəfindən Azərbaycan filminə nə qədər vəsait ayrılıb?
- Bu il dövlət tərəfindən Azərbaycan filmlərinin çəkilməsi üçün 6 milyon manat vəsait ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB