Haluk Ağca: "Mənim fəaliyyətim təkcə insanlarla ünsiyyətdə olmaq deyil, eyni zamanda, onların məndən gözlədiklərini verməkdir"- MÜSAHİBƏ

Haluk Ağca: "Mənim fəaliyyətim təkcə insanlarla ünsiyyətdə olmaq deyil, eyni zamanda, onların məndən gözlədiklərini verməkdir"- MÜSAHİBƏ

Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Haluk Ağcanın SİA-ya müsahibəsi

 

Gəncə üçün cari ilin ən yadda qalan hadisələrindən biri ilk dəfə burada Türkiyə Konsulluğunun yaradılması olub. Bu həm də Azərbaycanın tarixində ilk hadisə idi. Odur ki, Gəncəyə konsul təyin edilən Haluk Ağca da Gəncədə Türkiyənin ilk konsulu kimi tarixə düşüb. Hər kəs ölkənin ikinci böyük şəhərində konsulluğun yaradılmasının Türkiyə-Azərbaycan əlaqələrini inkişaf etdirəcəyi, xüsusilədə insanları daha da yaxınlaşdıracağı qənaətindədir.

 

- Artıq bir müddətdir ki, Gəncədəsiniz. Bu şəhərə alışmaq çətin olmadı ki?

 

- Gəncə çox sakit şəhərdir. Üstəlik qədim tarixi var. Mən Gəncəyə konsul təyin olunanda Gəncənin 2504 yaşı qeyd olunurdu. Bu da şəhəri daha yaxından tanımağıma kömək etdi. Mən piyada gəzməyi çox sevirəm. Gəzdikcə şəhərin gözəlliyini daha aydın şəkildə görürəm. Gəncə bu gün qədimliyini qorumaqla yanaşı inkişaf edir. Gəncəni Anadolunun bir çox şəhərinə bənzədirəm. Anadoluda olduğu kimi, Gəncədə də insanlar mehriban, səmimi və qonaqpərvərdirlər. Lakin mənim fəaliyyətim təkcə insanlarla ünsiyyətdə olmaq deyil, eyni zamanda, onların məndən gözlədiklərini verməkdir.

 

- Gəncədə Konsulluğun açılması Türkiyə və Azərbaycan tarixində ilk hadisədir. Bundan sonra hansı sahələrin daha çox inkişaf etdirilməsinə diqqət yetirəcəksiniz?

 

- Konsulluq hələlik tam fəaliyyətə başlamayıb. Çalışırıq bina problemimiz tez bir zamanda həll olunsun. Bundan sonra işçi heyətimiz dəqiqləşəcək. Ancaq iqtisadi, mədəni, təhsil sahəsində mövcud olan əlaqələri genişləndirməyi düşünürük. Çalışacağıq ki, Gəncəyə türkiyəli iş adamlarını dəvət edək. Həmçinin, gəncəli iş adamlarının da Türkiyədə iş qura bilmələri üçün daha geniş imkanlar yaradaq. Deyə bilərəm ki, bir sıra layihələr və təkliflər var."

 

- Gəncədə Konsulluğun yaradılması Azərbaycan-Türkiyə münasibətlərinə siyasi baxımdan necə dəstək verə bilər?

 

- İki ölkə arasında siyası əlaqələri əsasən səfirliklər tənzimləyir. Ancaq hamımıza bəllidir ki, ölkələrin maraqlarına uyğun siyasi qərarları vermək üçün iki dövlətin insanları arasında münasibətləri inkişaf etdirmək lazımdır. Konsul olaraq mən buna çalışacağam. Xalqlar bir-birinə daha da yaxın olmalıdır. Bundan sonra siyasi qərarları, layihələri həyata keçirmək asandır.

Bütün xəbərlər Facebook səhifəmizdə