“Ümid edirik ki, qiyabi təhsil formasının ləğvi ali məktəblərdə yalnız təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”

“Ümid edirik ki, qiyabi təhsil formasının ləğvi ali məktəblərdə yalnız təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”
TQDK sədri Məleykə Abbaszadə ali məktəblərdə qiyabi təhsil formasının ləğvi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, o jurnalistlərə verdiyi açıqlamasında deyib ki, qiyabi təhsillə bağlı TQDK heç bir təklif irəli sürə bilməz. Onun sözlərinə görə, TQDK-ya dövlət sifarişli və ya ödənişli yerlər təqdim olunanda artıq o yerlərin əyani və ya qiyabi olması müəyyən olunur.

Qiyabi təhsilin ləğvi qəbul olan abituriyentlərin sayına nə dərəcədə təsir edəcəyinə gəlincə, o vurğulayıb ki, müəyyən ixtisaslarda orta ixtisas təhsili alan insanlar ali təhsil almaq istəyirlər və iş yerlərini itirmək istəmədiklərindən qiyabi təhsil alırlar: "Qiyabi təhsilin nə dərəcədə formal olduğunu, nə dərəcədə təhsil verdiyini deyə bilmərəm. Axı, təhsilin keyfiyyəti də çox vacibdir. Məsələ onda deyil ki, insanın əlində mütləq diplom olsun. İnsanın bilik və bacarığı olsun və o həqiqətən də ali təhsilli mütəxəssis kimi fəaliyyət göstərə bilsin. Yəqin ki, ali məktəblərdə ali təhsilin keyfiyyətini artırmaq üçün qiyabi təhsil formasının ləğvi ilə bağlı addım atıla bilər. Biz ümid edirik ki, bu, yalnız ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə