Şəhidlərin vərəsələrinə verilən birdəfəlik ödənişlərlə bağlı mətbuat konfransı keçirilib

Şəhidlərin vərəsələrinə verilən birdəfəlik ödənişlərlə bağlı mətbuat konfransı keçirilib

Son vaxtlar bir qrup şikayətçi Prezident Administrasiyası və digər aidiyyəti orqanların qarşısında etiraz edərək şəhid hərbi qulluqçuların vərəsələrinə verilən birdəfəlik ödənişi vaxtilə almadıqlarını və onlara təqdim edilən sübutların saxta olduğunu bildirirlər. Bununla əlaqədar noyabrın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) mətbuat konfransı keçirilib.

SİA xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev birdəfəlik ödənişlərin verilməyə başlanıldığı oktyabrın 9 tarixindən sonra 300-dən artıq müraciətin daxil olduğunu və noyabrın 2-də 114 hərbi qulluqçunun 146 vərəsəsinə ödənişlərin verilməsi barədə qərarın çıxdığını bildirib.

O, bu ilin sonuna qədər vərəsələrin yarısına həmin ödənişlərin verilməsinin nəzərdə tutulduğunu deyib.
Nazir müavini şikayət edənlərdən 80 nəfərinə vaxtilə birdəfəlik ödənişlərin verilməsi barədə sənədlərin olduğunu da söyləyib.

Sonra Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkəti İdarə heyətinin sədr müavini Aftandil Hacıyev şikayət edənlərin vərəsələrinə ötən əsrin 90-cı illərində birdəfəlik ödənişlərin verilməsi barədə sənədləri təqdim edərək şikayətlərin əsassız olduğunu faktlarla göstərib.

Nazirliyin sosial təminat şöbəsinin müdiri Himalay Məmişov hərbi qulluqçuların vərəsələrinin təqdim etdikləri ərizələri, bununla əlaqədar əldə etdikləri arayışları və birdəfəlik ödənişləri aldıqları barədə digər sənədləri nümayiş etdirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə