"Nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq lazımdır"

"Nüsxələri, kitabları bərpa etmək üçün avadanlıq lazımdır"

"1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanasında köçürmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün avadanlıq və vəsait lazımdır". SİA-nın məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov Milli Məclisdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Respublika Elmi-Texniki Kitabxanasının vəziyyətinin qənaətbəxş olmadığını deyən qurum rəhbəri söyləyib ki, dövlət başçısının səyi nəticəsində kitabxanaya böyük bina verilib: "Lakin köçürülmələrə görə məhv olmuş nüsxələri, kitabları bərpa etmək, onları yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır”.

Əqli Mülkiyyət Agentliyinin Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan yeni qurum olduğunu nəzərə çatdıran Kamran İmanov qeyd edib ki, ləğv edilmiş Müəllif Hüquqları Agentliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzi və Respublika Elmi-Texniki Kitabxanası birləşib və Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi formalaşıb:

“Respublika Elmi-Texniki Kitabxana istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati- hüquqi forma üzrə fəaliyyət göstəririlər, yəni onlar publik hüquqi şəxslərdir. Bu da mütərəqqi idarəetmə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən bu, strukturlara yeni imkanlar yaradır”.

K.İmanov əlavə edib ki, Davos iqtisadi forumunun son hesabatına görə, Azərbaycan əqli mülkiyyətin qorunmasına görə dünyada 36-cı yeri tutur. O, bunu çox böyük nailliyyət hesab edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə