Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planına əsasən Bakının Binəqədi rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” mövzusunda seminar keçirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi seminarda qeyd olunub ki, işçilərin attestasiyası onların peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər.

Tədbirdə iş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi, attestasiyanın keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə